TÜRK PA-ya üzv ölkələr Bakıda nəqliyyat məsələlərini müzakirə edirlər
Bu gün Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyası İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının üçüncü iclası öz işinə başlayıb. SİA-nın xəbərinə görə, iclasda türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu gündəliyin əsas mövzusu olub.
İlk olaraq çıxış edən komissiyanın sədr müavini Sevinc Hüseynova bildirib ki, keçən ilin avqust ayında Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə görüşü keçirilib: "Həmin görüşdə qəbul olunan qərarlar iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu mövzusunda hesabat məruzəsi layihəsinə daxil olunub".
Daha sonra çıxış edən MM-in sədrinin I müavini Ziyafət Əsgərov qeyd edib ki, türk dövlətləri ilə Azərbaycanı birləşdirən bir çox amillər var: "Bizi birləşdirən təkcə nəqliyyat coğrafiyası deyil, tariximiz, mədəniyyətimizdir. Buna görə də siyasi, iqtisadi və bir çox sahələrdə əməkdaşlıq etməyimiz olduqca vacibdir. Bu baxımdan, bugünkü iclasın böyük əhəmiyyəti var. İnanıram ki, bu iclasda qəbul edilən qərarlar da türk dünyasının inkişafına töhfə verəcək".
TÜRKPA-nın baş katibi Jandos Asanov bildirib ki, türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələr diqqətəlayiqdir: "Qazaxıstanın Azərbaycan ilə ikitərəfli iqtisadi əməkdaşlığı daim inkişaf edir. Türkdilli dövlətlər arasında əlaqələr yüksək səviyyəyə çatdıqdan sonra türk dünyasında dövlətlərarası münasibətlərin inkişafına yardım edən və hərtərəfli əməkdaşlığı əlaqələndirən qurumlara tələbat artıb".
Türkdilli ölkələr arasında əməkdaşlıq imkanlarından bəhs edən J. Asanov təşkilatın üzvü olan dövlətlərin daxili zənginliyə və sürətli iqtisadi tərəqqiyə malik olduğunu vurğulayıb.
Millət vəkili Nizami Cəfərov isə çıxışında qeyd edib ki, nəqliyyat kommunikasiyası əlaqələri tək türk dünyasını iqtisadi cəhətdən birləşdirmir, eyni zamanda bu digər cəhətdən ciddi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, nəqliyyat sahəsindəki əlaqələr bu ölkələr arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət etməklə bərabər, xalqların sosial inkişafına da öz töhfəsini vermiş olur: "Xüsusən də quru və dəmir yollarının xalqların rifah halının və sosial durumunun yaxşılaşmasında müstəsna rolu var. Belə ki, avtomobil və dəmir yolları ölkələrin ərazisində yaşayış mənətəqələri ərazisindən keçir və bu da paralel olaraq digər infrastrukturların inkişaf etdirilməsinə təkan verir. Bunun nəticəsində də xalqların yaşayış durumu yaxşılaşır. Ona görə də avtomobil və dəmir yollarının inkişafına önəm vermək lazımdır."
İclasa 4 üzv ölkənin parlamentarilərindən ibarət komissiya üzvləri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və TRASECA hökumətlərarası komissiyasının nümayəndələri qatılıb.
Qeyd edək ki, TÜRK PA-ya Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB