Şahin Mustafayev İspaniya Parlamentinin deputatları ilə görüşüb

Şahin Mustafayev İspaniya Parlamentinin deputatları ilə görüşüb

İspaniya Parlamentinin deputatları İqtisadiyyat və Sənaye Nazirliyində olmuşdur İspaniya Parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Bakıya səfəri çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə görüşüb. SİA xəbər verir ki, görüşdə Azərbaycan və İspaniya arasındakı mövcud əlaqələr və əməkdaşlıq perspektivləri müzakirə edilib. Bildirilib ki, Azərbaycan və İspaniya arasında iqtisadi sahədə əlaqələr uğurla davam etdirilir, əməkdaşlığın genişləndirilməsində rəsmi səfərlər və keçirilən görüşlər xüsusilə əhəmiyyətlidir. Bununla belə, ölkələrimiz arasında əməkdaşlığın, xüsusilə qeyri-neft sektorunda əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.

Nazir Şahin Mustafayev ispan şirkətlərinin Azərbaycanda yaradılmış əlverişli biznes mühitindən yararlanmaqla, azərbaycanlı həmkarları ilə əməkdaşlığı genişləndirə biləcəklərini qeyd edib. Görüşdə nazir Azərbaycanın etibarlı tərəfdaş, regionun iqtisadi və mədəni mərkəzi olduğunu bildirib, ölkəmizdəki siyasi və makroiqtisadi sabitliyi vurğulayaraq investorlar üçün əlverişli şərait yaradıldığını, ölkəmizin investisiya yatıran ölkəyə çevrildiyini vurğulayıb.

Azərbaycanın regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu qeyd edən iqtisadiyyat və sənaye naziri Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin regional inteqrasiyanın inkişafına ciddi maneə olduğunu diqqətə çatdırıb.

İspaniya nümayəndə heyətinin rəhbəri, deputat Xose Maria Çikiyo ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, ölkəmizdəki sosial-iqtisadi inkişafın nümayəndə heyətində böyük təəssürat yaratdığını, İspaniyanın ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Xose Çikiyo turizm, kənd təsərrüfatı, sənaye, tikinti sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu qeyd edib, Azərbaycan iş adamlarını İspaniyaya dəvət edib.

Görüşdə həmçinin, Azərbaycan və İspan iş adamları arasında əlaqələrin inkişafı baxımından birgə biznes forumların keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə