Əli Məsimli: "Cari ildə iqtisadiyyatımıza sərmayə qoyuluşu proqnoz göstəricilərini üstələyə bilər"

Əli Məsimli: "Cari ildə iqtisadiyyatımıza sərmayə qoyuluşu proqnoz göstəricilərini üstələyə bilər"

"2013-cü ilin yekunlarına həsr olunmuş iclasda Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ötən il Azərbaycan iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulub. Onun 17,5 milyard dolları və ya 63 faizə qədəri daxili sərmayədir və ötən il təşkilatların qoyduqları sərmayə ən yüksək səviyyəyə çatıb". SİA-ya açıqlamasında İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli belə deyib.

Onun sözlərinə görə, Maliyyə Nazirliyinin məlumatına görə, daxili sərmayələrin 7 milyard manatı (təqribən 9 milyard dollar) və ya 51 faizindən çoxu dövlət əsaslı vəsait qoyuluşudur: "Dövlət əsaslı vəsait qoyuluşunun strukturunda bir sıra istiqamətlər əsas olub. Bunlara da sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisi və yenidən qurulması üçün 2 milyard manatdan artıq, enerji, su və qaz təchizatı, nəqliyyat, kommunal, meliorasiya və digər infrastrukturların tikintisi və yenidən qurulması üçün 3 743 milyon manat, digər layihələrin maliyyələşdirilməsinə isə 1135 milyon manat vəsait yönəldilib. Dövlət büdcəsinin investisiya xərcləri ilə yanaşı, yol, su təchizatı və meliorasiya, kənd təsərrüfatına, sosial və digər infrastrukturların tikintisinə və yenidən qurulmasına Azərbaycan hökuməti tərəfindən xaricdən cəlb olunan kreditlər hesabına təxminən 754 milyon manat məbləğində vəsait sərf edilib. Dövlət Neft Fondunun vəsaiti hesabına ölkəmizdə və xaricə qoyulan sərmayələr hesabına həyata keçirilən bir sıra investisiya layihələrinin icrası üçün ötən il 1 milyard 74 milyon manat vəsait yönəldilib".

Millət vəkili bildirib ki, şəhər, rayon və qəsəbələrdə abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər zəruri tədbirlərin maliyyələşdirilməsi üçün 2013-cü ildə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 347 milyon manat vəsait ayrılıb: "Statistik məlumatlara görə, həmin sərmayələr hesabına ötən il bütövlükdə regionlarda 380-dən çox sənaye, kənd təsərrüfatı, xidmət və ticarət müəssisəsi fəaliyyətə başlayıb, 237 məktəb, 47 bağça, 30 səhiyyə, 25 idman, 45 mədəniyyət və digər sosial obyektlər tikilmiş və ya əsaslı bərpa olunub, 470-ə yaxın müəssisənin isə tikintisi davam etdirilir".

Cari ildə Azərbaycan iqtisadiyyatına 18 milyard manata yaxın sərmayə qoyuluşunun gözlənildiyini deyən Əli Məsimli qeyd edib ki, bunun 13 milyard manatı daxili, 5 milyard manata yaxını isə xarici sərmayənin payına düşəcək: "Amma proseslərin gedişindən asılı olaraq 2013-cü ildə olduğu kimi, 2014-cü ildə də iqtisadiyyatımıza sərmayə qoyuluşu proqnoz göstəricilərini üstələyə bilər. Bu il sərmayələr əsasən infrastruktur layihələrinin reallaşdırılması ilə yanaşı, qeyri-neft sektorunun, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi, müasir texnologiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, iş yerlərinin açılması və sair bu kimi sahələrə yönəldiləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə