İnternet: Azadlıq və Tənzimləmə mövzusunda dəyirmi masa keçirilib TƏDBİR
Bu gün Media Hüququ İnstitutu (MHİ) tərəfindən İnternet: Azadlıq və Tənzimləmə mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirin keçirilməsində məqsəd internetdə fikir, məzmun azadlığı və bu sahədə mövcud olan problemlərin müzakirə etməkdir.
Tədbirdə ilk çıxış edən MHİ-nun direktoru Rəşid Hacılı bildirib ki, internet üzərində səsləndirilən çox sərt ifadələr ağır nəticələrə gətirib çıxarır: "İnternet üzərində hər kəsə ifadə azadlığı verilib. İnternet vasitəsilə fikirlərimizi azad şəkildə səsləndirmək üçün hər kəsə geniş şərait yaradılıb. Əgər əvvəllər hər hansı bir yazını çap etmək və ya yaymaq üçün redaksiyalara üz tuturduqsa, hazırda buna ehtiyac yoxdur. Hər kəs sərbəst şəkildə öz yazısını internet vasitəsilə yaymaq imkanına malikdir. Amma bunun müsbət və mənfi tərəfləri var. Ona görə ki, internet üzərində fikir azadlığı həbsə, cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər. Ölkə qanunvericiliyimizdə də bu məsələlər öz əksini tapır. Ona görə də hər kəs mənzum azadlığına xüsusi fikir verməlidir. İnternet üzərində azadlıq deyəndə o demək deyil ki, kiminsə şərəf ləyaqətinə toxunmaq, təhqir etmək, müharibə çağırışları etmək, pornoqrafiyaya yol vermək olar. Bütün bunlar Cinayət Məcəlləsi və digər qanunvericiliklə tənzimlənir. Bundan əlavə, ölkəmiz Kibercinayətkarlıqla bağlı Konvensiyaya qoşulub ki, bu da internet azadlığımız üçün mühüm əhəmiyyətə malikdir".
Daha sonra çıxış edən hüquqşünas Ələsgər Məmmədli bildirib ki, yaşantımızın böyük hissəsini internet təşkil edir: "Gündəlik yaşantımızda hüquqlarımız necə qorunursa, internet üzərində də hüquq və azadlıqlarımız qorunmaqdadır. Hər bir ölkədə məsələ ilə bağlı qanunvericilik fərqlidir və internet üzərində yaranan problemlər müxtəlif üsullarla həll edilir".
Daha sonra tədbir iştirakçıları internetin insan həyatındakı rolu, yaratdığı problemlər və əhəmiyyətindən danışıblar.
Tədbir müzakirələr əsasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB