Yolçu Xanvəli: “Quşlarda xəstəlik daşıyıcısı aşkar edilməyib”

Yolçu Xanvəli: “Quşlarda xəstəlik daşıyıcısı aşkar edilməyib”

Dekabrın 9-dan quş qripi xəstəliyinə görə ölkə ərazisində başlanmış növbəti monitorinq zamanı seçmə üsulla ovlanaraq götürülən 26 baş çöl quşunun patoloji materialı və ölkəmizin ayrı-ayrı quşçuluq və həyətyanı təsərrüfatlardan gətirilən 1161 baş ev quşunun qan nümunələri Respublika Baytarlıq Laboratoriyasında müvafiq müayinələrdən keçirilib. SİA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli belə deyib.

Onun sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) bildirir ki, müayinə olunmuş nümunələrin heç birində quş qripi xəstəliyinin törədicisi müəyyən edilməyib. Bu nəzarəti tədbir köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Beləliklə, monitorinqin aparıldığı ərazilərdə nə xəstə, nə də xəstəlikdən tələf olan quşlara təsadüf olunmayıb. Dövlət Baytarlıq Xidməti əhalinin və quşçuluq təsərrüfatı rəhbərlərinin nəzərinə çatdırır ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitə keçirilməli, heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar, vəhşi heyvanlar və başqaları) özbaşına müalicə, peyvəndləmə və digər tədbirlər aparılmamalı, eləcə də heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılmalıdı.

Yolçu Xanvəli onu da bildirib ki, köçəri və çöl quşlarının ovlanması, satılması və onlardan qida məhsulu kimi istifadəsi qəti qadağandı. Quş qripi xəstəliyinin ölkəmizə köçəri quşlarla keçmə ehtimalını hər zaman diqqət mərkəzində saxlayan Dövlət Baytarlıq Xidməti respublika ərazisində ardıcıl olaraq monitorinqləri bundan sonra da davam etdirəcəkdi. Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqin yanvar ayının 27-də başlanması nəzərdə tutulur. Hazırda quş qripi xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə