Müşfiq Əmirov: “Azərbaycan ümumdünya kosmik məkanına inteqrasiya edib”

Müşfiq Əmirov: “Azərbaycan ümumdünya kosmik məkanına inteqrasiya edib”

"Azerspace-1" peyki kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi, kosmik sənaye texnikasının inkişafı, yeni rabitə xidmətlərinin təşkili, teleradio yayımı, yerin məsafədən zondlanması, hidrometeorologiya, ekoloji monitorinq, fövqəladə hallara nəzarət, kosmik tədqiqatlar, axtarış və xilasetmə üzrə proqramlar və s. bu kimi sahələrin inkişafına geniş perspektivlər yaradır". SİA-ya açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan kosmosda mövqe tutmağa, kosmik fəzada öz varlığını təmin etməyə hazırlaşır.

Nazirlik rəsmisi bildirib ki, ilk telekommunikasiya peykinin orbitə buraxılması Azərbaycan hökumətinin iqtisadi diversifikasiya və yeni sənaye sahələrinin tətbiqi üzrə geniş plan çərçivəsində həyata keçirdiyi strateji layihələrdən biridir: "Kosmik sənayenin məqsədi yalnız kosmosu fəth etmək və orbitə hansısa süni peyki buraxmağı hədəfləmək deyil. Burada məqsəd real olaraq qlobal və regional miqyaslı sosial-iqtisadi, elmi-texniki problemlərin həlli yolunda işlər görməkdir. Müasir dünyada kosmik texnologiyalar ölkələrin rəqabətədavamlılığında əsas alətlərdən biridir. 10 il ərzində həyata keçirilən işlərin parlaq nümunəsi kimi Azərbaycan ümumdünya kosmik məkanına inteqrasiya edib. Orbitdə istismar müddəti ən az 15 il təşkil edəcək "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Respublikada kosmik sənayenin yaradılmasında məqsəd dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının ödənilməsi, regionlarda əhalinin teleradio yayımına artan tələbatının təmin edilməsi, ölkənin beynəlxalq rabitə kanallarının artırılması və kosmik fəzadan səmərəli istifadə etməklə iqtisadi, sosial, elmi, mədəni, təhlükəsizlik və s. sahələrin inkişaf etdirilməsi olub".

Bütün xəbərlər Facebook səhifəmizdə