Bakı şəhəri üzrə 909 küçə və prospektə ünvan təyin edilib

Almaniyanın KfW Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Kadastr və daşınmaz əmlakın qeydiyyatı" layihəsi çərçivəsində mühüm addımlar atılıb. Əmlak Məsələləri Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, layihə Gəncə şəhəri və Şəki rayonunun bütün ərazisini əhatə edən elektron kadastr məlumat bazası və rəqəmsal kadastr xəritələrinin yaradılmasını nəzərdə tutur.

Həmçinin Bakı şəhərinin 5 rayonu (Səbail, Yasamal, Nəsimi, Nərimanov, Xəzər) üzrə daşınmaz əmlaklar haqqında mükəmməl elektron kadastr məlumat bazasının yaradılması və bu rayonların rəqəmsal kadastr xəritələrinin tərtibi üzrə işlər görülüb. Respublikanın 53 şəhər və rayonu üzrə sadə modelli elektron kadastr məlumat bazasının yaradılması ilə bağlı işlər görülüb.

"Nəqliyyat infrastrukturu obyektlərinə adların verilməsi, daşınmaz əmlak obyektlərinə ünvan nömrələrinin təyini, ünvan lövhələrinin yerləşdirilməsinə dair Azərbaycan Respublikasının Dövlət Standartı" hazırlanıb və təsdiq edilib. Ölkənin şəhər və rayonları üzrə daşınmaz əmlak obyektlərinə ünvanların yeni qaydalar əsasında verilməsi işləri davam etdirilib. Bu işlər dövlət başçısının Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na uyğun olaraq aparılıb.

Azərbaycanda milli məkan məlumatlarının vacib elementlərindən olan, ən mühüm və sosial yönümlü layihələrdən sayılan Ünvan Reyestrinin İnformasiya Sisteminin tərtibi və aparılmasının hüquqi əsasları müəyyənləşdirilib. Bu məqsədlə, ölkə prezidentinin Fərmanı ilə "Azərbaycan Respublikasında Ünvan Reyestrinin fəaliyyətini təmin edən informasiya sistemi haqqında" Əsasnamə təsdiqlənib. Bu Əsasnamə Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) fəaliyyətinin təşkilinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir: "Ünvan Reyestrinin məlumat bazasının elektron idarə edilməsini, həmçinin ünvan reyestri ilə inteqrasiya olunan digər dövlət orqanlarının informasiya sistemləri vasitəsilə qarşılıqlı məlumat mübadiləsini təmin edən informasiya sistemidir. Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib. Bakı şəhəri üzrə 909 küçə və prospektə ünvan təyin edilib. Bakı şəhərinin 409 küçə və prospektinin başlanğıcı, sonu, eləcə də onların koordinatları müəyyənləşdirilib və təsdiqlənib".

Eyni zamanda Sumqayıt şəhəri üzrə 70 sayda nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilib, 39 küçə və prospektin daxili ünvanları müəyyən edilib. Gəncə şəhəri üzrə 121 nəqliyyat infrastrukturu obyektinə ünvan təyin edilib, 459 küçə və prospektin koordinatları müəyyənləşdirilib və təsdiqlənib.

Bütün xəbərlər Facebook səhifəmizdə