Azərbaycanda sağlam ailə mühiti formalaşıb

Azərbaycanda sağlam ailə mühiti formalaşıb

Hər bir ailənin səmimi və sağlam münasibətlər üzərində qurulması həmin ailələrdə möhkəm təməlin yaranmasına imkan verir. Ailənin öz mövcudluğunu qoruyub saxlaması da qarşılıqlı sayğının, hörmətin və səmimiyyətin olmasından asılıdır. Digər şərtlər kimi sosial-iqtisadi, mənəvi-intellektual, əxlaqi-etik amilləri qeyd etmək olar.

Sevgi ailənin ilkin bünövrəsi və təməli olsa da sonralar ailənin möhkəm olması üçün digər amillərə də ehtiyac duyulur. Təbii ki, söz-söhbətsiz, konfliktsiz ailə təsəvvür etmək mümkün deyil. İlk vaxtlar guya sevən gənclər qısa müddətdən sonra bir-birini sevmədiklərini, yanıldıqlarını anlayır və bu zaman xasiyyətlərini uyğunlaşdırmaq əvəzinə aralarındakı problemləri daha da dərinləşdirir və ayrılırlar.

Statistikaya görə, dünyadakı ailələrin 25 faizdən çoxu sevgisiz qurulur. Bu tip ailələrin qurulmasında çox vaxt vasitəçi qohumlar olur. Ona görə də, bu cür ailələr tez dağılır. Amma bəzən tamamilə əksinə də olur.

Bəs görəsən qurulan ailələr niyə dağılır?

Ailələrin dağılmasının əsas səbəbləri subyektlərin öz aralarında yaranan anlaşmazlıq, iqtisadi çətinliklər, ailə üzvlərindən hansınınsa işləməməsi, yaşayış üçün mənzilin olmaması və s. hallardır.

"Ailə Məcəlləsi haqqında qanunda" nikaha girən şəxslərdən heç olmasa birinin işlə təmin olunmasının vacibliyi qeyd edilib. Yəni gənc ailənin heç olmasa bir üzvü işlə təmin olunmalıdır.

Eyni zamanda qanunda gənc ailənin ezamiyyətlə ölkənin ucqar regionlarına işləməyə göndərilməsi vəziyyətində onun dövlət hesabına mənzil və torpaq sahəsi ilə təmin olunacağı göstərilib.

2011-ci ildə Azərbaycanda rəsmi orqanlar tərəfindən 89,4 min nikah və 10,6 min boşanma qeydə alınıb. Təbii ki, boşanma qərarı hər ailənin şəxsi məsələsidir, lakin bu, müəyyən halda həm də ictimai məsələdir.

Boşanmanın səbəbləri kimi çox vaxt maddi vəziyyət, insanların xarakter uyğunsuzluğu və ya kənar müdaxilələr qeyd olunur. Əvvəllər boşanmaların sayı aşağı olsa da, son illərdə bunun əksi müşahidə edilir.

Həmçinin, din də ailənin təməlini güclü mənəviyyat və əxlaqda görür. Sağlam cəmiyyətin təməli sağlam ailənin hesabına ödənilir. Ailə qurandan sonra ortaya hər hansı bir xəstəliyin çıxması gənc ailələrdə bir sıra problemlər yaradır. Çox vaxt bu xoşagəlməz hallar sonda boşanma ilə də nəticələnir. Odur ki, nikaha girmək üçün sağlamlıq haqqında arayışın tələb olunması vacib haldır.

Hər halda bizdən tövsiyə etməkdir. Əməl edib, etməmək isə sizin ixtiyarınızdadır.

Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə