Əli Məsimli: “ÜDM-in 5,2 faiz artacağı nəzərdə tutulur”

Əli Məsimli: “ÜDM-in 5,2 faiz artacağı nəzərdə tutulur”

"2014-cü ilin dövlət büdcəsi, bir sıra cəhətlərinə görə özündən əvvəlki illərin büdcələrindən fərqlənir". Bu sözləri SİA-ya açıqlaması zamanı millət vəkili Əli Məsimli deyib.

Onun sözlərinə görə, ÜDM-in 2014-cü ilə proqnozlaşdırılan 5,2 faizlik artımı fonunda büdcənin gəlirlərinin 4 faiz azalacağı, xərclərinin isə cəmi 1,1 faiz artacağı proqnozlaşdırılıb: "Dərin təhlil aparılsa, görərik ki, artıq Azərbaycan büdcəsinin asan gəlir əldə etmə mərhələsi arxada qalıb və bundan sonra gəlirləri artırmaqdan ötrü ciddi əsaslandırılmış sistemli tədbirlərə ehtiyac olacaq. Dövlət Neft Fondundan büdcəyə transfert başlanan 2003-cü ildən bu yana ilk dəfə 2014-cü ildə Dövlət Neft Fondundan büdcəyə transfertlər azalacaq. Yəni 2014-cü ildə Dövlər Neft Fondundan büdcəyə 9,3 milyard manat transfert nəzərdə tutlur ki, bu da 2013-cü illə müqayisədə 2 milyard manat və ya 18 faizə qədər azdır. Dövlər Neft Fondundan büdcəyə transfertlər büdcə gəlirlərinin 51 faizinə endiriləcək. Ancaq bunun özü də çox böyük rəqəmdir. Ona görə də Neft Fondundan büdcəyə transfertlərin azaldılması şəraitində büdcə gəlirlərinin artırılmasının əlavə mənbələrinin tapılmasına ehtiyac var. Bu istiqamətdə mövcud olan yetərincə böyük potensialdan istifadə dairəsinin və səmərəliliyin yüksəldilməsini, iqtisadi aktivliyin artırılmasını, daha çox dəyər yaradan sahələrin təmin edilməsi üsullarının tapılmasını zəruri hesab edirik. Eyni zamanda Hesablama Palatası və Maliyyə Nazirliyinin bu yöndə səlahiyyətlərinin artırılması və koordinasiyasının gücləndirilməsi faydalı olardı".

Millət vəkili hökumətin proqnozlarında ÜDM-in 5,2 faiz artmasının nəzərdə tutulduğunu da diqqətə çatdırıb: "Əgər BVF-in, Dünya Bankının, Avropa yenidənqurma və İnkişaf Bankının, Asiya Bankının proqnozları 2014-cü ildə Azərbaycanda iqtisadi artmın 4- 5,8 faiz intervalında olduğunu proqnozlaşdırırsa, deməli hökumətin gələn il üçün iqtisadi artımın 5,2 faiz olmasına dair proqnozunu qənaətbəxş hesab etmək olar. Amma onu da nəzərə almaq lazımdır ki, 2014-cü ilin büdcəsi neftin dünya bazarında bir barelinin qiymətinin 100 dollar olacağı proqnozu üzərində qurulub. Əgər 2012-ci ildə Azərbaycan neftinin dünya bazarında qiyməti 114 dollar, bu il isə ortalama 110 dollar səviyyəsində gedirsə və MDB-nin neft hasil edən digər ölkələrində Rusiyada neftin bir barelinin qiyməti 93, Qazaxıstanda 90 dollar götürülübsə, Azərbaycanın proqnozlarında müəyyən risk elementi olsa da, məqbul saymaq olar".

Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə