Səlim Müslümov ƏSMM-nin direktorlarına ciddi tapşırıqlar verib

Səlim Müslümov ƏSMM-nin direktorlarına ciddi tapşırıqlar verib

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ünvanlı sosial yardımların təyin olunması və ödənişi işlərində hər hansı neqativ hala yol verilməməsi və şəffaflığın təmin olunması ilə bağlı rayon və şəhər əhalisinin sosial müdafiəsi mərkəzlərinin direktorlarına ciddi tapşırıqlar verib. SİA xəbər verir ki, bu fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ünvanlı dövlət sosial yardımlarının təyinatı və ödənişində şəffaflığın təmin olunması ilə bağlı KİV nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bu sahədə ötən müddətdə yol verilmiş nöqsanların, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, şəffaflığın təmin olunması istiqamətində nazirliyin yeni rəhbərliyi tərəfindən artıq müvafiq tədbirlərə başlanılıb: "Belə ki, aztəminatlı əhali qrupları bu tədbirlərin müsbət nəticələrini yaxın vaxtlarda hiss edə biləcəklər. Bu tapşırıqların icrası daim diqqətdə saxlanılacaq və yardım üçün müraciət edən vətəndaşlarla münasibətlərdə korrupsiya əməlinə yol verən əməkdaşlarla bağlı ciddi tədbirlər görüləcək. Bundan əlavə, mövcud sahədə müvafiq nəzarət formalarının tətbiq olunması məqsədilə hüquq-mühafizə orqanları ilə söhbətlər aparılıb. Yardımların təyinatı işlərində qanunsuzluğa yol verən əməkdaşların ifşa olunaraq cəzalandırılması üçün birgə tədbirlər həyata keçiriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə