Dünya Bankının dəstəyi ilə həyata keçirilən Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin işçiləri üçün Xidmət Standartları və Davranış Qaydaları hazırlanır. Komitədən SİA-ya verilən məlumata görə, bu məqsədlə inkişaf etmiş ölkələrin təcrübəsinə istinad edilməklə beynəlxalq məsləhətçi cəlb olunacaq.
Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsində Əmlak Məsələləri Dövlət Komitəsi üçün Strategiya Planı və onun qurumları, o cümlədən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti üçün də Biznes Plan hazırlanıb. Bu Planın mühüm hədəflərindən biri ərazi qeydiyyat idarələrində müştərilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin və şəffaflığın artırılması əsas hədəf kimi nəzərdə tutulur. Eyni zamanda ərazi idarələrinin maliyyə dayanıqlılığının artırılması və xidmətlərin çevikliyinin təmin edilməsi əsas məqsədlərdəndir.
Burada başlıca məqsəd Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin göstərdikləri xidmətlərin səviyyəsinin qaldırılması, vətəndaş-məmur münasibətlərinin şəffaf mexanizmlər əsasında qurulması, vətəndaşların elektron informasiya vasitələrindən istifadə etməklə qısa müddət ərzində vətəndaşların əmlak hüquqlarının rəsmiləşdirilməsi və məlumatlar əldə etməsinin təmin edilməsidir.
İnkişaf etmiş ölkələrin müvafiq qurumlarının təcrübələrinə əsasən hazırlanan Xidmət Standartları və Davranış Qaydaları xidmətlərin qanunvericilik və təşkilati çərçivəsi, xidmətlərin göstərilməsi ilə bağlı xidmətlərin adları və tələb olunan sənədlər, xidmətlərin göstərilməsinə dair prosedura və müddətlər, xidmətlərin göstərilməsinə dair işçilər üçün davranış qaydaları və standartlar, xidmətlərin keyfiyyəti, xidmətlərin icrasına dair iş vaxtı normaları və xidməti geyimə dair tələblər, xidməti davranışa və tələblərə nəzarət formaları, işçilərin məsuliyyəti və həvəsləndirmə tədbirləri məzmununda olacaq.
Nəticədə əldə ediləcək xidmət standartları qeydiyyat sisteminin modern əsaslarla inkişaf etdirilməsinə, şəffaflığın və çevikliyin artırılmasına, işçilərin məsuliyyətinin və nəzarət tədbirlərinin gücləndirilməsinə zəmin yaranacaq.
Bu tədbir ölkədə həyata keçirilən açıq hökumət prinsiplərinə, ictimai etimad və vətəndaş məmnunluğu meyarlarının bərqərar olmasına və təkmilləşdirilməsinə yönəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB