ARDNŞ "Bulla-dəniz" yatağında baş vermiş yanğınla bağlı açıqlama yayıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) "Bulla-dəniz" yatağında baş vermiş yanğınla bağlı rəsmi açıqlama yayıb. ARDNŞ-dan SİA-ya verilən məlumata görə, "Bulla-dəniz" yatağında 90 saylı quyuda baş vermiş qəza zamanı quyunun ağzı atqıya qarşı avadanlıqlarla bağlandığı üçün oradan çıxan alov ətrafa yayılaraq 350 metr radiusda yüksək temperatur sahəsi yaradıb. Bu isə quyuya yaxınlaşmağı mümkünsüz edib. ARDNŞ və FHN-nin yüksək ixtisaslı əməkdaşlarından təşkil olunmuş komissiya qarşısında ilk növbədə alovun istiqamətini şaquli yönəltmək vəzifəsi dayanırıb. Bunun üçün hərbi texnikanın köməyindən istifadə olunub, Dövlət Sərhəd Qoşunlarının hərbi gəmisindən uzaq məsafədən açılmış sərrast atəşlər vasitəsi ilə quyu ağzı maneçilik törədən avadanlıqlardan təmizlənib. Nəticədə alovun kompaktlaşdırılmasına və şaquli istiqamətdə yönəldilməsinə nail olunub. Bununla da gəmilərin və işçi heyətin quyu ətrafına yaxınlaşmasına imkan yaranıb. Bu tədbirlərin davamı olaraq platformanın ətrafına cəlb edilmiş 6 yanğınsöndürmə gəmisi vasitəsi ilə quyunun ağzına və ətrafına intensiv suvurma prosesi aparılıb və alovun qarşısında su pərdəsi yaradılıb. Alovu söndürmək imkanı yaransa da, dənizin çirklənməsinin qarşısının alınması və özüldə işçilərin təhlükəsizliyinin təmin olunması prioritet götürüldüyündən qəzanın ləğv edilməsi və quyu ağzının bərpası işləri zamanı quyudan çıxan qazın yandırılaraq zərərsizləşdirilməsi vacib sayılıb. Bu səbəbdən alovun tam söndürülməsi məqsədəuyğun hesab edilməyib.
Əməliyyat zamanı ARDNŞ-nin Təhlükəsizlik İdarəsinin Fontana qarşı mübarizə dəstəsinin kəşfiyyat qrupu xüsusi qoruyucu geyimlərdə platformaya daxil olaraq, yaşayış blokuna, sonra isə qazma blokuna baxış keçirib. Kəşfiyyat qrupu fontan vuran quyu lüləsinin 2-3 metrliyinə qədər irəliləyərək platforma və quyu ətrafındakı avadanlığın faktiki vəziyyəti haqqında ətraflı məlumat əldə etməyə müvəffəq olub. Əldə edilmiş məlumatlar əsasında qəzanın aradan qaldırılması istiqamətində görüləcək işlərin planı dəqiqləşdirilib və hazırlıq işləri başa çatdırılıb.
Hazırda qəzanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Qeyd edək ki, avqustun 17-də gecə saat 23 radələrində 5 868 metr dərinlikdə qazma zamanı quyuda qaz təzahürləri müşahidə olunub. Kəsilişə görə bu dərinlik məhsuldar qatın VIII horizontunun ortasına uygun gəlir. Qaz təzahürünün qarşısını almaq üçün qazma briqadası tərəfindən mümkün olan bütün tədbirlər görülüb. Buna baxmayaraq, gecə 23:30-da quyu açıq qaz fontanına keçib və yanğın baş verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB