Bakı şəhərinin qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir

Bakı şəhərinin qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Аzəriqaz" İstehsalat Birliyi (İB) Bakı şəhərindəki təbii qazla təmin olunmayan yaşayış ərazilərinin tam qazlaşdırılması və paytaxtın qaz təminatının yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirləri davam etdirir.

İB-nin işçiləri tərəfindən Bakının Binəqədi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və digər rayonlarında qazlaşdırma işləri görülür.

Hazırda Binəqədi rayonunun Binəqədi kəndində yeni salınmış yaşayış massivinin, Sabunçu rayonunun Maştağa qəsəbəsi Savalan yaşayış massivində 2-ci və 5-ci məhəllələr, M.Hüseynzadə küçəsində "Kanal" istiqaməti və "Subtropik sovxoz"un ərazisi, Bilgəh qəsəbəsindəki "Zəfəran sovxozu"nun yeni yaşayış massivi, A.Salahzadə küçəsi ilə Ə.Şixlinski və M.Cəlal küçələri arasındakı ərazinin qazlaşdırılması həyata keçirilir.

Bundan əlavə, Suraxanı rayonunun Hövsan quşçuluq sovxozuna gedən yolun sol tərəfindəki yaşayış massivinin, Hövsan bağlarının şimal hissəsinin, Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsi və dəmir yolunun alt hissəsinin, Zığ qəsəbəsinin yeni yaşayış massivinin qazlaşdırılması işləri də davam etdirilir. Xəzər rayonunun Mərdəkan qəsəbəsi Əncirlik küçəsinin, Binə qəsəbəsinin "Atçılıq" adlanan hissəsində kanalın sağ tərəfindəki sahənin, Türkan qəsəbəsində "Maarif" bağçılıq-yoldaşlıq ərazisinin, Dənizkənarı və Sovxoz küçələrinin, Qala qəsəbəsində daş karxanasına gedən yolun ətrafındakı və Zeytun sovxozunda məcburi köçkünlərin yaşadığı ərazinin, Şüvəlan qəsəbəsində "Mayak" və Çöl Şüvəlan məntəqələrinin, Dənizkənarı və Ş.Bayramov küçələrinin, Buzovna qəsəbəsində Neftçilər küçəsinin, Şağan qəsəbəsində Əzizbəyov küçəsinin qazlaşdırılması istiqamətində görülən işlərə misal göstərmək olar.

Həmçinin Qaradağ rayonunun Sahil qəsəbəsində Bakı-Salyan yolu ətrafında yeni salınmış yaşayış massivinin qazlaşdırılması, V.Ələkbərov küçəsindən S.Əsgərov küçəsinə kimi dairəvi qaz xəttinin tikintisi, Səngəçal qəsəbəsi və Əzimkənd kəndində salınmış yaşayış sahəsinin və "Bağ evləri" deyilən ərazilərdə yaşayan əhalinin qaz təminatının yaxşılaşdırılması məqsədilə qaz xətlərinin yenidən qurulması, yeni qaz xətlərinin çəkilməsi və digər tikinti-quraşdırma işləri aparılır.

İB tərəfindən Bakı və ətraf qəsəbələrinin qaz təminatının yaxşılaşdırılması məqsədilə tədbirlər cari ilin sonunadək davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə