Azərbaycanda tikinti sektoruna qoyulan investisiya artıb

Azərbaycanda tikinti sektoruna qoyulan investisiya artıb

2013-cü ilin 5 ayı ərzində Azərbaycanda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5,8 milyard manat məbləğində vəsait yönəldilib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, 3,7 milyard manat məbləğində tikinti-quraşdırma işləri görülüb.

Qeyd eddək ki, tikinti sektoruna investisiya qoyuluşu 2012-ci ilin müvafiq dövrünə nisbətən 27,4%, vəsaitin həcmi isə 42,5% artıb.

Əsas kapitala yönəldilmiş vəsaitin 4,2 milyard manatını və ya 73,4%-ni daxili investisiyalar təşkil edib və ötən ilki səviyyədən 22,3%, xarici investisiya isə 44,1% yüksək olub.

Bu ilin yanvar-may aylarında ümumi sahəsi 664,4 min kv. metr yaşayış evləri, 2 818 şagird yerlik ümumtəhsil məktəbləri, növbədə 130 nəfəri qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi, 457 yerlik məktəbəqədər təhsil müəssisələri, 724 yerlik klub, Bakıda "Gəmi təmiri və gəmiqayırma" İstehsalat Birliyi, Heydər Əliyev Beynəlxalq Aeroportunda anqar kompleksi və Beynəlxalq Logistika Mərkəzi, Sumqayıt şəhərində "Gilan" tekstil parkı, Abşeron rayonunda "Milla" süd məhsulları və dondurma istehsalı zavodu, birdəfəlik plastik qablar və priforminqlər istehsalı zavodu, Buzovna-Mərdəkan-Qala avtomobil yolu, Qobustan rayonunda İdman kompleksi, Qəbələ rayonunda Mədəniyyət Mərkəzi, Atıcılıq Klubunun birinci mərhələsi, heyvandarlıq-südçülük kompleksi, "Aspi Winery" üzüm emalı zavodu, Hacıqabul rayonunda seramik plitələr zavodu və digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə