Sabah Bakıda beynəlxalq nəqliyyat sərgisi keçiriləcək

Sabah Bakıda beynəlxalq nəqliyyat sərgisi keçiriləcək

İyunun 13-də "Bakı Expo" mərkəzində 12-ci Beynəlxalq "Nəqliyyat, Tranzit və Loqistika" sərgisi öz işinə başlayacaq. SİA-nın məlumatına görə, bu barədə "TransCaspian" və "Road and Traffic" sərgilərinin meneceri Orxan Əhmədov bildirib.

Onun sözlərinə görə, bu il keçirilən sərgidə dünyanın 15 ölkəsindən 70 şirkəti bir araya gələcək. Sərgi iştirakçılarının təqribən 40 faizini "TransСaspian" sərgisində öz məhsul və xidmətlərini ilk dəfə nümayiş etdirən şirkətlər təşkil edir. Bu il sərgi iştirakçılarının coğrafi tərkibi də genişlənib. Təqdim olunan ölkələr arasında Avstriya, Gürcüstan, İtaliya, Rusiya, Türkiyə,Fransa, Çexiya var. İsveç və Rumıniya isə builki sərginin debütantı olacaq. Eyni zamanda, Latviya öz milli stendi ilə sərgidə ardıcıl olaraq ikinci ildir ki iştirak edir. Bundan başqa sərgidə ilk dəfə olaraq Yunanıstan və Sinqapur iştirak edəcək.

Əhmədovun sözlərinə görə, sərgidə kommersiya şirkətləri ilə yanaşı, Azərbaycanın dövlət nəqliyyat strukturları - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi, Azərbaycan Dəmir Yolları, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi (ADXDG) və Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti və Bakı şəhər Metropoliteni öz stendlərində regionun aktual nəqliyyat layihələrini təqdim edəcəklər.

Sərgi öz işini iyun ayının 15-dək davam etdirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə