Xoşbəxt Yusifzadə: "Əsrin Müqaviləsi" bitənədək ...”

Xoşbəxt Yusifzadə: "Əsrin Müqaviləsi" bitənədək ...”

Bu gün Azərbaycan Dövlət Neft Şirkətində Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov və digər şəxslər iştirak edib. Tədbir Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlayıb. Daha sonra çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, Ulu öndər Heydər Əliyevin neft sənayesinin inkişafında xidmətləri danılmazdır: "Xalqımızın ən böyük sərvət olan milli dövlətçiliyimizin yaranmasında Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Eyni zamanda inkişafımızın lokomativi olan neft sənayesinin indiki həddə çatmasında Ümummilli lider Heydər Əliyev böyük xidmətlər göstərib".

Daha sonra çıxış edən ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, ümummilli lider Heydər Əliyevlə ilk dəfə 1968-ci ildə Qum adasında Moskvadan gələn nümayəndə heyətinin tərkibində olarkən tanış olub: "Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra neft sənayesindəki geri qalmaları təhlil etdi. 70-ci illərdə neft sənayesinin inkişafını sahmana salmaq üçün plenium çağırdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər dənizdən hasil edilən neft cəmi 40 metr dərinlikdə çıxarılırdı. Daha sonra neft sənayesinin inkişafı üçün Ulu öndər Heydər Əliyev "Bakı Dərin Özüllər Zavodu"nun tikintisinə nail oldu. Bu kimi islahatçı addımlardan sonra neft sənayesi dirçəlməyə başladı. Ulu öndər Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda neft sənayesi acınacaqlı vəziyyətdə idi. Məhz Ulu öndər Heydər Əliyev yenə də neft sənayesindəki vəziyyəti təhlil edərək çıxış yolu tapdı. Neftin hasil olunması üçün xarici şirkətləri Azərbaycana dəvət etdi. Neft kəmərlərinin inşasına başlanıldı. Bundan sonra neft sənayesi dirçəlməyə başladı".

Eyni zamanda tədbirdə çıxış edən Xoşbəxt Yusifzadə deyib ki, Azərbaycan indiyədək ixrac etdiyi ümumi neftin 215 mln. tonunu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edib: "Bu günədək "Azəri-Çıraq-Günəşli" yataqlarından 300 mln. ton neft hasil olunub. Onun 152 mln. tonunu Azərbaycanın mənfəət nefti təşkil edib. "Əsrin Müqaviləsi" bitənədək Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlarındakı mənfəət payı 80%-ə çatacaq. Bununla yanaşı, hazırda "Şahdəniz" yatağının təsdiq olunmuş ümumi qaz ehtiyatı 1,2 trln. kubmetr təşkil edir. Lakin hazırda yenidən aparılan hesablamalar onu göstərir ki, "Şahdəniz"in qaz ehtiyatları 1,5 trln. kubmetr və hətta bundan çox ola bilər".

Daha sonra çıxış edən YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov Ulu öndərin elmi irsinin öyrənilməsindən söz açıb. Çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov isə ümummilli lider Heydər Əliyevin təhsilə qayğısından danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə