2013-cü ilin birinci rübündə sosial və iqtisadi sahələrin inkişafını əks etdirən makroiqtisadi göstəricilər bir qədər yüksəlib, əhalinin rifah halını göstərən əmək haqqı və gəlirlər artıb, inflyasiya minimum səviyyədə qalıb. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, Azərbaycanda ümumi daxili məhsulun istehsalı 3,1 faiz artaraq 12,9 milyard manata çatıb. Orta hesabla ölkənin hər bir sakini üzrə ÜDM istehsalı 1399,6 manata və ya 1783,4 ABŞ dollarına bərabər olub. Ümumi daxili məhsul istehsalı qeyri-neft sektorunda 11,4 faiz artıb, neft sektorunda isə 4,0 faiz azalıb.
Məlumata əsasən, 2013-cü ilin birinci rübündə orta hesabla ölkənin hər bir sakininin gəlirləri 836,4 manata çataraq 4,5 faiz artıb. Gəlirlərin 70,8 faizi son istehlaka, 9,4 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 17,9 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib.
Sənaye sahələrində çalışanların əmək haqqı 605,8 manat, tikinti kompleksində 595,0 manat, nəqliyyatda 515,1 manat olub.
2013-cü ilin ilk iki ayı ərzində ölkənin xarici ticarət dövriyyəsi 5617,0 milyon ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 7,0 faiz artıb. Əmtəə mübadiləsinin 89,3 faizi və ya 5017,4 milyon dolları uzaq xarici ölkələrlə aparılaraq müqayisəli qiymətlərlə 6,5 faiz artıb, MDB üzvü dövlətləri ilə iki ay ərzində 599,6 milyon dollarlıq və ya müqayisəli qiymətlərlə 15,9 faiz çox ticarət əməliyyatları aparılıb.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri mart ayında əvvəlki ayla müqayisədə 0.6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1.3 faiz bahalaşıb, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayın səviyyəsində qalıb. 2012-ci ilin birinci rübünə nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 1.2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0.2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0.4 faiz, xidmət tarifləri 3.4 faiz bahalaşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB