"Son illər paytaxtda avtomobillərin sayının artması nəticəsində nəqliyyatın hərəkətində böyük sıxlıq yaranıb. İnfrastrukturun təkmilləşdirilməsi üçün işlər görülsə də, körpü və yollar çəkilsə də, problem aradan qalxmır, şəhərdə kiçik məsafəni qət etmək üçün çox vaxt sərf olunur. Buna görə də Azərbaycanda vergi güzəştlərinin Bakıda və onun ətrafında deyil, regionlarda tətbiq edilməsi daha məqsədəuyğundur". SİA-nın məlumatına görə, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirələr zamanı millət vəkili Qüdrət Həsənquliyev çıxış edib.
Millət vəkili vəziyyətdən çıxış yolu kimi maliyyə-vergi siyasətindən istifadə etməyi zəruri sayır. Q.Həsənquliyevin sözlərinə görə, vergi güzəştləri Bakı ətrafındakı ərazilərə deyil, regionlara şamil olunmalıdır: "Biz sənaye parklarını vergidən azad edirik. Belə çıxır ki, bütün investorlar, ölkənin hər yerindən imkanlı şəxslər gəlib burada işləyəcək və sıxlıq daha da artacaq. Regionlardakı ucqar ərazilər üçün vergi güzəştləri tətbiq edilməlidir ki, adamlar orada işləsinlər".
Q.Həsənquliyev rayonlarda istehsal və emal müəssisələri üçün vergi güzəştlərinin nəzərdə tutulmasını təklif edərək, müvafiq qurumlardan bu təklifə hökmən münasibət açıqlanmasını istəyib: "Əks halda bir neçə ildən sonra Bakıda ümumiyyətlə hərəkət dayanacaq. Əvvəllər belə hal yalnız pik vaxtlarında olurdusa, indi bütün saatlarda belə vəziyyət yaranır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB