Yumurta istehsalı fabriki və yem zavodu tikilir

Yumurta istehsalı fabriki və yem zavodu tikilir

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini İmişli rayonunun Bəhramtəpə qəsəbəsində keçirib. SİA-nın xəbərinə görə, tədbirdə 150-ə yaxın sahibkar iştirak edib. Tədbirdən əvvəl İmişli rayonunda Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş "Kristal Fermer" MMC-nin əmtəəlik yumurta istehsalı və "İmişli Quşçuluq" MMC-nin quş əti və yem istehsalı müəssisələrində aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Tədbir çərçivəsində İmişli rayonunun, o cümlədən Bəhramtəpə qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədə uyğun hesab olunan iri taxılçılıq təsərrüfatının, heyvandarlıq kompleksinin, soyuducu anbarın, kiçik və orta həcmli bağçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanıb. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi iqtisadi siyasət nəticəsində ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını qeyd edib. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Nazirliyin Aran regional bölməsinin müdir müavini İlham Qəribov sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri və həyata keçirilən tədbirlər, Aran iqtisadi rayonunda dövlət proqramları çərçivəsində görülmüş işlər və həyata keçiriləcək layihələr barədə məlumat veriblər.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirib ki, 2012-ci ilin ötən dövründə Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin 2161 investisiya layihəsinin maliyyələşdirilməsinə 196,5 milyon manatdan çox güzəştli kredit verilibdir. Bu kreditlər hesabına 8200-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub. Bu ilin ötən dövrü ərzində Aran iqtisadi rayonunda 925 sahibkara 62,8 milyon manat güzəştli kredit verilib. Ümumilikdə isə, indiyədək 5000-dən çox sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 246 milyon manatadək, o cümlədən son illər yeni texnologiyaların tətbiqinə əsaslanan 66 layihənin maliyyələşdirilməsinə 142,4 milyon manat güzəştli kredit verilib. Bu müəssisələrdən 44-ü istifadəyə verilib, qalan 22 müəssisədə isə tikinti-quraşdırma işləri aparılır. "Sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə İmişli və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkarlıq subyektinə 508 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən, kənd təsərrüfatı məhsullarının istehsalına yönəldiləcək. Bu kreditlər hesabına 90-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə