Bakıda sağlamlıq turizmi üzrə konqres keçirilir

Bakıda sağlamlıq turizmi üzrə konqres keçirilir

Bu gün sağlamlıq və termal turizm üzrə Azərbaycan-Türkiyə I Beynəlxalq Konqresi öz işinə başlayıb. SİA-nın məlumatına görə, tədbir başlamamışdan öncə hər iki ölkənin himni səsləndirilib.

Daha sonra çıxış edən Səhiyyə nazirliyinin nümayəndəsi, əməkdar elm işçisi Əlişir Musayev çıxışında bildirib ki, dünyanın bütün ölkələrindən Türkiyəyə milyonlarla insan gələrək müalicə alır: "Azərbaycanda və Türkiyədə sağlamlıq və termal turizmi geniş potensiala malikdir. Beynəlxalq konqresin keçirilməsi iki ölkə arasında qarşılıqlı təcrübə mübadiləsindən istifadə etməklə bu turizm növünün inkişaf etdirilməsinə və təbliğinə töhfə verəcək".

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun isə çıxışında vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər son zamanlar daha inkişaf edir: "Bu bütün sahələri əhatə edir. Azərbaycanın inkişaf etdiyini aydın şəkildə görmək mümkündür. Bu nailiyyətləri qardaş ölkə olaraq hər zaman sevinclə qarşılayırıq. Türkiyəni iqtisadi baxımından inkişaf etdirməyi qarşımıza məqsəd qoymuşuq. Əlimizdəki bütün imkanları Azərbaycanla birlikdə dəyərləndirməyi üstün tuturuq. Səhiyyə sahəsində də əlaqələrimizi bundan sonra da inkişaf etdirməyi düşünürük".

Məlumat üçün bildirək ki, tədbirdə Azərbaycan tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Milli Elmlər Akademiyası, sanatoriya və kurortların, turizm şirkətlərinin nümayəndələri, Türkiyə tərəfdən Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, sağlamlıq və termal turizm müəssisələri, Türkiyənin Bakıdakı səfirliyinin təmsilçiləri iştirak edib.

Qeyd edək ki, sağlamlıq və termal turizm üzrə Azərbaycan-Türkiyə I Beynəlxalq Konqresi noyabrın 9-na kimi davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə