Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, komitənin sədri Hadi Rəcəbli gündəlikdə 2013-cü ilin büdcə zərfinə daxil olan "Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında", "AR-da 2013-cü il üçün yaşayış minimumu haqqında", "AR-da 2013-cü il üçün ehtiyac meyarının həddi haqqında" və "Sosial müavinətlər haqqında" qanununda dəyişikliklər edilməsi barədə qanun layihələrinin olduğunu bildirib.
İclasda iştirak edən DSMF-nin sədri Səlim Müslümov çıxışında bildirib ki, qurumun gələn il üçün büdcə layihəsi tərtib edilərkən ölkəmizdə cari ilin sosial-iqtisadi inkişaf göstəriciləri və növbəti ilin sosial-iqtisadi proqnozları, 2012-ci ilin yanvar-sentyabr aylarında DSMF-nun büdcəsinin icra vəziyyəti, ölkəmizin növbəti il üçün demoqrafik inkişaf meyilləri, sığorta-pensiya sisteminin əsas parametrləri, pensiyaçıların say göstəriciləri nəzərə alınıb.
"2013-cü ildə ölkəmizdə pensiyaçıların sayının 1 milyon 279 min nəfər olacağı gözlənilir. Beləliklə, layihəyə əsasən 2013-cü ildə DSMF büdcəsinin gəlir və xərclərinin hər birinin 2 milyard 632,7 milyon manat həcmində olması nəzərdə tutulur. Bu, 2012-ci illə müqayisədə 178,7 milyon manat və ya 7,3 faiz çoxdur. Bu vəsaitin 2 milyard 500,3 milyon manatı pensiyaların maliyyələşdirilməsinə, 70 milyon manatı sosial müavinətlərə yönəldiləcək", - deyə S.Müslümov əlavə edib.
İclasda o da qeyd olunub ki, 2013-cü ildə ölkəmizdə yaşayış minimumunun 116 manat, ünvanlı sosial yardımlar üçün nəzərdə tutulan ehtiyac meyarının həddinin isə 93 manat olması nəzərdə tutulur.
Müzakirələr zamanı Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev, millət vəkillərindən Elmira Axundova, Əhliman Əmiraslanov və aidiyyatı dövlət orqanlarının məsul şəxsləri qanun layihələri ilə bağlı fikirlərini bildiriblər. O cümlədən, "Sosial müavinətlər haqqında" qanuna təklif olunan texniki dəyişikliklər müzakirə edilib.
Yekunda gündəlikdə olan qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB