Heydər Əliyev Beynəlxalq Aeroportunda yenilik FOTO

Aeroportda biznes-sinif sərnişinləri üçün daha bir gözləmə salonu istifadəyə verilib

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunda biznes-sinif sərnişinləri üçün geniş imkanları və rahat şəraiti olan daha bir gözləmə salonu istifadəyə verilib. AzərTAc xəbər verir ki, aeroportun "Şimal terminalı"nda açılan "Biznes-klass xidməti" salonu beynəlxalq standartlara tam uyğundur və biznes-sinif sərnişinləri burada müasir xidmətlərdən yararlana bilərlər. Sərnişinə göstəriləcək xidmətlər biletin dəyərinə daxildir. Salonda ən müasir qeydiyyat sistemi qurulub. Bu sistem sayəsində sərnişinlərin gediş sənədlərinin, baqaj və əl yüklərinin rəsmiləşdirilməsilə bağlı bütün işləri buradakı işçilər icra edəcəklər.

"Azərbaycan Hava Yolları" QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun "Şimal terminalı"nda daha bir biznes salonunun açılması sərnişinlərə beynəlxalq standartlara uyğun xidmət göstərilməsi istiqamətində önəmli addımlardan biridir. "Biznes-klass xidməti" salonunda sərnişinlərə göstərilən bütün xidmətləri "AZAL"ın sifarişi əsasında VİP Aviasiya Xidmətləri Şirkəti həyata keçirir. Onu da deyim ki, təkcə "AZAL"ın deyil, həm də digər aviaşirkətlərin təyyarə reyslərinin biznes-sinfinə bilet almış sərnişinlər bu salonun xidmətindən istifadə edəcəklər.

Salonla tanışlıq zamanı bildirilib ki, göstərilən xidmətlərə biznes-sinif sərnişinlərinin xüsusi avtobuslar ilə təyyarəyə kimi aparılması da daxildir. Artıq Heydər Əliyev Beynəlxalq Aeroportunda biznes-sinif sərnişinlərinə xidmət edən salonların sayı 3-ə çatdırılıb. Bu salonların xidmətlərindən gün ərzində təqribən 100-dək sərnişin istifadə edir. Onlar istər qeydiyyata qədər, istərsə də qeydiyyatdan sonra "Azərbaycan Hava Yolları" tərəfindən yüksək qayğı ilə əhatə olunurlar.

Qeyd edək ki, "Azərbaycan Hava Yolları" biznes-sinif sərnişinlərinə uçuş zamanı beynəlxalq mətbəxin müxtəlif təamları və içkilərini, bundan başqa, portativ əyləncə sistemi vasitəsilə müxtəlif filmlərin, beynəlxalq proqramların geniş çeşidini də təklif edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...