Qeyri-büdcə sektoru üzrə proqnozlar

Qeyri-büdcə sektoru üzrə proqnozlar

Dövlət Sosial Müdafiə Fondu bu ilin yanvar-iyul aylarında qeyri-büdcə sektoru üzrə proqnozu 108, 5 faiz icra edib. SİA-nın xəbərinə görə, 2012-ci ilin yanvar-iyul aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1517,4 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 416,9 mln. manat və ya 37,9 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 14,6 faiz və ya 100,1 mln. manat artaraq 785,0 mln. manat təşkil edib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,9 faizi və ya 462,3 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 17,2 faiz və ya 67,9 mln. manat artıb, proqnoz isə 108,5 faiz icra olunub.

Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 11,8 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 17,8 faiz artıb. 2012-ci ilin yanvar-iyul aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 322,7 mln. manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1 faiz və ya 32,2 mln. manat artıb. Sair gəlirlər üzrə daxilolmalar 4,1 mln. manat təşkil edib. Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib.

Cari ilin yanvar-iyul aylarında Fondun xərcləri 1421,7 mln. manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1395,5 mln. manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 361,1 mln. manat və ya 34,9 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 36,0 faiz və ya 360,4 mln. manat artaraq 1362,9 mln. manat təşkil edib. 2012-ci ilin yanvar-iyul aylarında əhaliyə 32,6 mln. manat məbləğində müavinət ödənilib. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 26,2 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 1,0 mln. manat və ya 3,9 faiz çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə