ARDNŞ prezidenti Almaniyanın “ThyssenKrupp” şirkətinin nümayəndə heyətini qəbul edib
ARDNŞ prezidenti Rövnəq Abdullayev Almaniyanın "ThyssenKrupp" şirkətinin icraçı direktoru Heinrix Hiesingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
SİA-nın məlumatına görə, ARDNŞ prezidenti son illər Azərbaycanda hökm sürən sosial-iqtisadi yüksəlişdən danışıb və bu prosesdə neft-qaz sənayesinin və onun flaqmanı olan Dövlət Neft Şirkətinin rolunu qeyd edib. Şirkətin qarşıdakı illərdə həyata keçirməyi planlaşdırdığı regional və qlobal enerji layihələrindən danışan Rövnəq Abdullayev "Cənub qaz dəhlizi"nin əsasını təşkil edəcək TransAnadolu qaz boru kəmərinin, yeni Neft-Qaz Emalı və Neft Kimyası Kompleksinin, habelə Sumqayıt Kimya Parkının inşası layihələrini xüsusilə vurğulayaraq bildirib ki, bu möhtəşəm işlərə böyük yaradıcı qüvvə konsentrasiya olunmalıdır.
Səmimi qəbul üçün təşəkkürünü bildirən "ThyssenKrupp" şirkətinin icraçı direktoru Heinrix Hiesinger Azərbaycana səfərinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafında mühüm rol oynayacağına ümid bəslədiyini söyləyib. Bakı ilə tanışlıqdan böyük təəssürat qazandığını qeyd edən qonaq Azərbaycanın postsovet məkanda sürətlə inkişaf edən ölkələrdən olduğunu, Almaniya xalqı və hökuməti tərəfindən müasir bir ölkə kimi qiymətləndirildiyini vurğulayıb.
Təmsil etdiyi "ThyssenKrupp" şirkətinin dünyanın bir çox qabaqcıl ölkələrində sənayenin müxtəlif aparıcı sahələri - metallurgiya, poladtökmə, təyyarə və gəmiqayırma, lift və qaldırıcı qurğular, müxtəlif neft-kimya avadanlıqlarının istehsalı sahələri üzrə geniş fəaliyyət göstərdiyini nəzərə çatdıran doktor Hiesinger bu gün onun böyük imkanlara, yeni texnologiyalara malik müasir mühəndislik kompaniyası olduğunu bildirib.
"Biz Azərbaycanla əlaqələrin inkişafına pozitiv baxır, bir qrup olaraq ARDNŞ ilə əməkdaşlıq imkanları axtarırıq. Bu mənada şirkətinizin yaxın dövr üçün planlaşdırdığı layihələr bizim üçün böyük maraq kəsb edir",- deyə icraçı direktor əlavə edib.
Azərbaycanda xarici investisiyaların təşviqi və qorunması sahəsində möhkəm hüquqi baza və zəngin təcrübə yarandığını qeyd edən ARDNŞ prezidenti Rövnəq Abdullayev ölkəmizin milli maraqlar və iqtisadi səmərəlilik prinsipi əsasında bütün ciddi şirkətlərlə əməkdaşlıq etməyə hazır olduğunu söyləyib və bildirib ki, "ThyssenKrupp" şirkəti tərəfindən təkliflər təqdim olunarsa, diqqətlə nəzərdə keçiriləcək.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB