İran əsas neft alıcısını itirdi

Avropa Birliyi İrandan neft idaxalını dayandırıb. Qeyd edək ki, Avropa Birliyi neft idxal edəcək yeni ölkələrlə müzakirələrə başlayıb. SİA xəbər verir ki, İRNA-nın yaydığı məlumata görə, İranın neft naziri Rüstəm Qasımi bildirib ki, Avropa Birliyinin tətbiq etdiyi sanksiya Tehranın neft ixracına təsir göstərməyəcək. İranlı nazirin sözlərinə görə, tətbiq olunan sanksiyalar yeni deyil. Neft sənayesi bu sanksiyalardan mənfi təsir görməyəcək. Çünki sanksiyalara qarşı alternativlər var. Rüstəm Qasımi həmçinin qeyd edib ki, İranın yeni müştəriləri mövcuddur və onlarla müzakirələr aparılır. Qeyd edək ki, sanksiyalardan əvvəl İranın Avropa Birliyinə olan neft ixracı cəmi 18% olub. Neft ixracının siyasiləşdirilməsinin əleyhinə olduqlarını dəfələrlə qarşı tərəfə söylədiklərini deyən nazir vurğulayıb ki, bundan daha çox zərəri neft idxal edən ölkələr və həmin dövlətlərin vətəndaşları, ümumiyyətlə dünya neft bazarı çəkəcək. Bundan başqa Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, İranın xam neft ixracı bu il 40% azalıb. İran ixracının təxminən 80%-ni təşkil edən neft satışından 2010-cu ildə gəlir 73 mlrd. dollar olub və bunun 14 mlrd. dolları Avropa Birliyi ölkələrinin payı düşüb. Avropa Birliyi üzvləri İrandan neft idxalı ilə bağlı yaranacaq boşluğu Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələri və Liviyanın hasilatı artırması ilə kompensasiya etmək niyyətindədir. Bu arada İran gündəlik hasilat kvotasını mayda 1,6 mln. barel artıran Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) fövqəladə toplantısını çağırıb. İranın Neft Nazirliyinin yaydığı açıqlamaya görə, OPEC-ə üzv ölkələrin son yığıncağında neftin barelinin 100 dolladan aşağı düşməsi vəziyyətində lazımi tədbirlər görmək üçün yenidən bir araya gəlmək qərarı alınıb. İran tərəfinin verdiyi bəyanatda qeyd olunub ki, hazırda hasilatçı ölkələr kvota həddini aşmamalıdırlar. Çünki OPEC-ə üzv olan bütün ölkələr tarazlığın qorunması məsələsində razılığa gəliblər. Ona görə də öhdəliklər yerinə yetirilməlidir. Dünya bazarlarındakı neftin qiymətlərində sadəcə tələbə uyğun olaraq yay aylarında artma-azalma müşahidə olunmaqdadır. Məlumatda gündəlik 30 milyon barel həcmində neft istehsalı kvotasına əməl ediləcəyi təqdirdə dünya bazarlarındakı qiymət tarazlığının təmin olunacağı vurğulanıb.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə