Yayda dincəlmək üçün nə qədər pulumuz olmalıdır?- ARAŞDIRMA

Yayda dincəlmək üçün nə qədər pulumuz olmalıdır?- ARAŞDIRMA

Turizm mövsümü artıq iyunun 13-dən etibarən rəsmi şəkildə başladı. Xarici ölkələrə getməyə imkanı olmayan Azərbaycan vətəndaşları isə çıxış yolunu bölgələrimizdə fəaliyyət göstərən istirahət zonalarına getməkdə görürlər. Buna görə də bölgələrdə olan istirahət zonalarında insan sıxlığı özünü büruzə verir. Ancaq istirahətə yollanmamışdan əvvəl paytaxtın səs- küyündən təbiət qoynuna qaçmaq istəyənləri isə yanlız bir sual düşündürür? Harada və neçəyə dincəlim? SİA bu suala cavab tapmaq üçün şəhərimizdə fəaliyyət göstərən bir neçə turizm şirkətlərinin nümayəndələrinin mövzu ilə bağlı fikirlərini öyrənib.

Lakin nəzərə alaq ki, bu sualı tək paytaxt sakinləri deyil, eləcə də ölkəmizdən kənarda yaşayan soydaşlarımız və xarici vətəndaşlar da verir. Təbii ki, yayın dadını çıxarıb da cibimizin dadı qaçmasın deyə istirahətə çıxmamışdan əvvəl qiymətlərlə maraqlanmaq məsləhətdir. Ancaq qiymətlər o qədər ürəkaçan deyil. Azərbaycanda ən çox müraciət olunan bölgələrimiz- Quba, İsmayıllı, Nabran, Qəbələdir. Bir nəfərin bölgələrimizdə 1 gün istirahət etməsinə 25-40 manat vəsait tələb olunur. Həmin qiymətə gün ərzində 3 dəfə yemək, diskoteka və digər əyləncələr daxildir. Təbii ki, qiymətlər də məkana görə dəyişir.

\"SİATravel\" turizm şirkətinin tur operatoru Mehriban Mahmudova açıqlamasında bildirib ki, Azərbaycanda bölgələrə görə qiymətlər müxtəlifdir: \"Azərbaycanda ən çox təklif olunan bölgələr- Nabran, Masallı, Quba, İsmayıllı və Qəbələdir. Orada istirahət etmək üçün təşkil olunan turların bir günlük qiyməti 30-40 manat arasında dəyişir. Həmin qiymətə gün ərzində 3 dəfə yemək, diskoteka və digər əyləncələr daxildir. Təbii ki, qiymətlər də məkana görə dəyişir\".

Maddi durumları bir qədər yaxşı olan şəxslər istirahətlərini gözəl təbiətə malik yaşayış məskənlərində ev kirayələməklə təşkil edə bilərlər. İndi həm Qubada, həm Şamaxıda, həm Nabranda, həm də digər turizm bölgələrində belə evlər tapmaq problem deyil. Belə yerlərdə kirayə müddəti uzandıqca kirayə haqları da azalmağa doğru gedir. İmkanları lap yaxşı olan turistlər isə yayın ləzzətini respublikanın dilbər guşələrində yerləşən istirahət mərkəzlərində keçirə bilərlər. Son illər Azərbaycanın müxtəlif bölgələrində yüksək səviyyəli istirahət mərkəzləri tikilərək insanların ixtiyarına verilib. Belə yerlərdə qiymətlər çox bahadır. Məsələn, Nabrandakı istirahət mərkəzlərində 1 günlük dincəlmək təxminən 200 manata başa gəlir. Sadə hesablama aparsaq, bu cür istirahət mərkəzlərində bir həftəlik istirahət üçün təxminən 1100-1400 manat xərcləmək lazımdır. Halbuki bu pula Türkiyənin beşulduzlu otellərində daha səviyyəli xidmətlə, daha səviyyəli otellərdə istirahət etmək mümkündür. Ona görə yayda istirahətə 1000 manatdan artıq pul ayıra bilənlər daha çox xaricdə dincəlmək haqqında düşünməlidirlər.

\"Millenium\" turizm şirkətinin nümayəndəsi Vüqar Zeynalov isə əlavə edib ki, istirahət zonalarında fəaliyyət göstərən mehmanxanaların qiymətində fərq var: \"Belə ki, qiymətlər otellərin ulduz dərəcəsinə görə təyin olunur. Təbii ki, beş ulduzlu mehmanxananın qiyməti digərlərinə baxanda daha baha olacaq. Ulduzların sayı azaldıqca qiymətlərin aşağı düşməsinə də zəmin yaranır\".

Araşdırmamızın sonunda isə yayda istirahət etməyə meyilli olanlara bir məsləhət də vermək istərdik. Əgər istirahət fikriniz ciddidirsə, hazırlıqlarınızı elə Bakıda yekunlaşdırmanız yaxşı olardı. Çünki istirahət zonalarında qiymətlər həddindən artıq baha olur. Bəzən ən adi bir əşyanı da paytaxtdakından iki dəfə baha qiymətə almaq məcburiyyətində qala bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə