XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi açıldı

XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi açıldı
Bu gün Bakıda Böyük Britaniyanın "ITE Group" şirkətinin Qafqazdakı eksklüziv tərəfdaşı olan "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə XI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər ("AITF-2012") sərgisinin açılışı olub. SİA-nın məlumatına görə, ilk dəfə olaraq sərgidə 32 ölkədən 200-dən çox şirkət iştirak edib. Sərgidə həmçinin 15 stend qəbul edilib.


Sərgidə dünyanın müxtəlif yerlərinə turizm səfərlərinin təşkil olunmasından başlayaraq hava daşımaları, oteldə yerləşdirmə və otaqların bron edilməsinə qədər turizm xidmətlərinin bütün spektri nümayiş etdirilib. 3 gün davam edəcək sərgi 62 turizm istiqamətini, 15 milli ekspozisiyanı və 32 iştirakçı ölkəni təqdim edir. Azərbaycan, Gürcüstan, Sloveniya, Çexiya, Dubay (BƏƏ), Türkiyə, Bolqarıstan, Dağıstan, Stavropol diyarı, Hindistan, Kipr, Krım, Litva, Malayziya və Xorvatiya öz milli ekspozisiyalarını nümayiş etdirəcək. Bolqarıstan, Sloveniya, Çexiya, Rusiya və Ukrayna öz məşhur müalicəvi kurortlarını təqdim edib. Stavropol diyarının stendi sanatoriya müalicəsi üzrə öz metodikaları ilə məşhur olan Yessentuki, Jeleznovodsk, Kislovodsk, Mineralnıye Vodı və Pyatiqorsk kimi kurort-şəhərlərin ekspozisiyalarını birləşdirib. Ekzotik turizmi isə Tailand, Mavriki və Seyşel kimi ölkələrin şirkətləri təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə