Məhəbbət Məmmədov: “Türkiyənin qazla təmin olunmasında Azərbaycan həmişə fəal olub”

Məhəbbət Məmmədov: “Türkiyənin qazla təmin olunmasında Azərbaycan həmişə fəal olub”

Türkiyə Rusiya ilə imzalanmış qaz müqaviləsinə xitam verdikdən sonra Azərbaycanın "Şahdəniz", "Abşeron", "Ümid" yataqlarından hasil olunacaq təbii qazın bir hissəsinin Türkiyəyə ötürülməsi gündəmə gətirilib.

SİA-ya açıqlama verən Sənaye və Energetika Nazirliyinin şöbə müdiri Məhəbbət Məmmədovun sözlərinə görə, yeni neft yataqlarının kəşf edilməsi Azərbaycanın nəinki özünün, Gürcüstanın, Türkiyənin, eləcə də bir sıra Avropa ölkələrinin təbii qaza olan tələbatlarını ödəmək imkanı yaradıb: "Qardaş Türkiyə dövlətinin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan müstəsna rol oynayır. Təbiidir ki, Azərbaycan qazının Bakı-Tbilsi-Ərzurum qaz xətti ilə Türkiyəyə ötürülməsi və "Şahdəniz", "Abşeron", "Ümid" yataqlarında böyük qaz ehtiyatlarımız var. Bu qaz yataqları Azərbaycana yüzilliklər boyu kifayət edəcəkdir. Ümumiyyətlə, Türkiyənin qazla təmin olunmasında Azərbaycan həmişə fəal olub".

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolundan danışan nazirlik rəsmisi bildirib ki, dünyada enerji ehtiyatlarının nəqli ilə bağlı rəqabətin dərinləşdiyi bir dövrdə ölkəmiz daha güclü təsir imkanları qazanır: "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli iqtisadi siyasət nəticəsində bu gün neft onun əsl sahibi olan Azərbaycan xalqına xidmət edərək ölkəmizin siyasi müstəqilliyinin, iqtisadi tərəqqisinin, insanlarımızın rifahının təmin edilməsinə yönəldilib. Yeni qaz yataqlarının kəşfi respublikamızın diversifikasiya siyasətinin genişlənməsi və yeni ixrac marşrutlarının yaranması üçün əlverişli zəmin yaradır. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında liderliyi ələ almaq üçün əla fürsət qazanıb".

Proqnozlara görə, Azərbaycan 2015-2020-ci illərdə qaz kəmərləri vasitəsilə Avropaya ildə ən azı 20 milyard kubmetrdən çox qaz nəql edəcək. Azərbaycan təkcə "Şahdəniz" yatağından 1 trilyon 300 milyard kubmetr qaz hasil etmək gücündədir. Digər yataqlardakı, məsələn, "Bahar", "İnam", "Alov", "Ümid" kimi perspektiv yataqlarda qaz ehtiyatlarında 2-3 trilyon kubmetrdən çox qaz var. "Şahdəniz-2" layihəsinin həyata keçirilməsi ilə Azərbaycan Avropa bazarına təbii qazın ixracında mühüm rol oynayacaq və bu bazarda mövqeyini daha da möhkəmləndirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə