Qanunsuz yoxlama keçirən vergi orqanı əməkdaşları işdən azad olunub

Qanunsuz yoxlama keçirən vergi orqanı əməkdaşları işdən azad olunub

12 avqust 2011-ci il tarixdə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentini İqtisadi sahədə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinə özlərini vergi əməkdaşı kimi təqdim edən iki nəfər tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi 35 ünvanda fəaliyyət göstərən \"Romantika\" (\"Ləziz\") kafesinin sahibi Həbibova Kəbirə Ruhulla qızından 400 manat məbləğində pul tələb etməsi barədə məlumat daxil olub. SİA-nın xəbərinə görə, idarənin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində həmin şəxslər K.Həbibovadan pul aldıqları yerdə saxlanılıb, şəxsiyyətləri araşdırılarkən onlardan birinin Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin əməkdaşı - Cəlilov Xəyal Xəlil oğlu, digərinin isə əvvəllər Bakı şəhəri Vergilər Departamentində işləmiş, 2011-ci ilin fevral ayından isə tutduğu vəzifədən azad olunaraq sərəncama götürülmüş Dadaşov İlham Əliş oğlu olduğu müəyyən edilib.

X.Cəlilov və İ.Dadaşov araşdırma zamanı verdikləri izahatlarında etiraf ediblər ki, K.Həbibovanın kafedəki işçisi ilə əmək müqaviləsi bağlamadığını müəyyən etdiklərini və buna görə kafenin sahibəsinə 1000 manat məbləğində cərimə yazılacağını, 400 manat pul verərsə cərimənin tətbiq olunmayacağı barədə razılığa gəliblər.

Araşdırma zamanı müəyyən edilib ki, X.Cəlilov və İ.Dadaşov müvafiq vergi nəzarətinin həyata keçirilməsinə heç bir səlahiyyətləri olunmadığı halda özbaşına olaraq sahibkarlıq fəaliyyətinə müdaxilə etməklə qeyri-qanuni yoxlama keçirmiş, vergi ödəyicisinə qarşı qanunsuz pul tələbi irəli sürüblər. Bununla da həmin şəxslər vergi orqanlarının adına və peşə nüfuzuna xələl gətirən hərəkətlərə yol veriblər.

Vergilər Nazirliyi və Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində X.Cəlilov və İ.Dadaşov tələb etdikləri pulu K.Həbibovadan alarkən cinayət başında yaxalanıblar.

Qeyd olunanları nəzərə alaraq Vergilər nazirinin müvafiq əmri ilə X.Cəlilovun dövlət vergi orqanındakı fəaliyyətinə xitam verilmiş, İ.Dadaşov isə Vergilər Nazirliyinin sərəncamından çıxarılıb. X.Cəlilov və İ.Dadaşov barəsində toplanmış materiallar hərəkətlərinə hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilib.


Bütün xəbərlər Facebook səhifəmizdə