Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı müzakirələr aparılıb

Gəncə-Qazax iqtisadi rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı müzakirələr aparılıb

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndələri, həmçinin Gəncə-Qazax iqtisadi rayonunda fəaliyyət göstərən 70-ə yaxın sahibkar iştirak edib. SİA-nın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Rafiq Şəfiyev son illər regionların sürətlə inkişaf etdiyini, dövlət başçısının regionların inkişafına göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində məşğulluq səviyyəsinin artdığını bildirib. Qeyd olunub ki, regionların mənzərəsinin dəyişməsində, istehsal prosesinin modernləşməsində regional dövlət proqramları da əhəmiyyətli paya malikdir.

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycan iqtisadiyyatında dinamik inkişafı təmin edən amillər, davamlı sosial-iqtisadi inkişaf mərhələsində qarşıda duran vəzifələr, eləcə də ayrı-ayrı iqtisadi sahələrdə modernləşmənin müasir vəziyyəti və gələcək perspektivlər barədə məlumat verib. Bildirilib ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində davamlı iqtisadi inkişaf təmin edilib. Bu, qeyri-neft sektorunda, xarici ticarət və investisiya qoyuluşunda, eləcə də regionların inkişafında özünü daha aydın göstərir. Ölkədə həyata keçirilən dövlət proqramlarının, o cümlədən regional inkişaf və ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş sənədlərin xüsusi əhəmiyyətini vurğulayan nazir müavini bu proqramların uğurlu icrası nəticəsində qeyri-neft sektorunun surətlə inkişaf etdiyini, yeni iş yerlərinin və müasir müəssisələrin yaradıldığını, iqtisadiyyata investisiya qoyuluşunun artdığını, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirildiyini diqqətə çatdırıb.

Beynəlxalq Maliyyə Korporasiyasının Layihə rəhbəri xanım İrina Niderberger Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlərin təmsil etdiyi qurum tərəfindən müsbət qiymətləndirildiyini qeyd edib.

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov və şöbənin müdir müavini Fərrux Dadaşov çıxış edərək həyata keçirilən məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının dinamik inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini vurğulayıb və dövlət proqramlarının uğurlu icrasında sahibkarların rolunu qeyd edib. Bildirilib ki, hazırda \"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı\"nın icrası uğurla davam etdirilir, regionlarda rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal və emal müəssisələri, müasir infrastruktur yaradılır.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibi Məmmədəli Əfəndiyev, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Regional Elm Mərkəzinin direktoru, professor Fuad Əliyev Azərbaycanda özəl bölmənin inkişafına göstərilən diqqət və qayğıdan, sahibkarlara dövlət dəstəyi mexanizmlərindən geniş bəhs edib, yeni texnologiyaların tətbiqinin sahibkarlığın inkişafında əhəmiyyətini vurğulayıb.

Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunda istehsalın modernləşdirilməsi və həcminin daha da artırılması məsələləri ilə bağlı müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə