“Yanacaq sərfiyyatının artması ailə büdcəsinə və istehsal xərclərinə mənfi təsir göstərir” - EKSPERT DANIŞDI

“Yanacaq sərfiyyatının artması ailə büdcəsinə və istehsal xərclərinə mənfi təsir göstərir” - EKSPERT DANIŞDI

“Tıxac təkcə nəqliyyat problemi deyil, eyni zamanda şəhərsalma və iqtisadiyyat baxımından da ciddi çağırışlardan biridir. İnsanların yollarda uzun müddət vaxt itirməsi onların daha məhsuldar fəaliyyətlə məşğul olmasına mane olur”.

Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, İşçi qüvvəsinin, yüklərin və digər resursların hərəkəti ləngiyir, insanlar iş yerlərinə gec çatır və nəticədə əmək məhsuldarlığı azalır:

“Bunun nəticəsində həm şirkətlər, həm də vətəndaşlar üçün xərclər artır. Nəqliyyat sıxlığı yanacaq sərfiyyatını yüksəldir ki, bu da həm ailə büdcəsinə əlavə yük yaradır, həm də istehsal və xidmət sahələrində xərclərin artmasına səbəb olur. Məhsulların və xidmətlərin maya dəyərinin yüksəlməsi isə qiymətlərə təsir göstərərək inflyasiya təzyiqini gücləndirən amillərdən birinə çevrilə bilər.

Mən nəqliyyat üzrə ekspert deyiləm və məsələyə daha çox iqtisadi baxımdan yanaşıram. Hesab edirəm ki, tıxacların iqtisadiyyata vurduğu zərəri anlamaq üçün mütləq nəqliyyat sahəsinin mütəxəssisi olmaq lazım deyil.

Tıxac probleminin həlli üçün ilk növbədə ictimai nəqliyyatın inkişafına xüsusi diqqət yetirilməlidir. Onun keyfiyyəti və əlçatanlığı artırılmalı, metro şəbəkəsi genişləndirilməli, avtobus marşrutları optimallaşdırılmalı və müxtəlif nəqliyyat növləri arasında inteqrasiya gücləndirilməlidir.

Dəmir yolu nəqliyyatının imkanlarından da daha səmərəli istifadə olunmalıdır. Məsələn, Sumqayıtdan Bakıya fəaliyyət göstərən elektrik qatarı minlərlə insan üçün rahat alternativdir. Bu istiqamət daha da inkişaf etdirilməli, dəmir yolu və metro şəbəkələrinin əhatə dairəsi genişləndirilməlidir ki, insanlar şəhərə şəxsi avtomobillə gəlmək əvəzinə ictimai nəqliyyatdan istifadə etməyə üstünlük versinlər.

Müşahidələr göstərir ki, ətraf yaşayış məntəqələrindən gələn bəzi sürücülər avtomobillərini dəmir yolu stansiyalarının yaxınlığında saxlayaraq qatarla Bakıya, məsələn, 28 May stansiyasına gəlirlər. Bu yanaşma həm nəqliyyat yükünü azaldır, həm də vaxt itkisini minimuma endirir. Belə təcrübələrin daha geniş tətbiqi məqsədəuyğun olardı.

Ağıllı svetofor sistemlərinin tətbiqi, yol hərəkətinin rəqəmsal idarə olunması və digər texnoloji həllərlə bağlı isə nəqliyyat üzrə mütəxəssislər daha ətraflı fikir bildirə bilərlər.

Dövlət də tıxac probleminin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə 2026–2030-cu illəri əhatə edən müvafiq proqram qəbul edilib. Həmin proqram çərçivəsində yeni avtomobil yollarının, tunellərin və yol qovşaqlarının tikintisi nəzərdə tutulur. Eyni zamanda Sumqayıt şosesi, Ziya Bünyadov prospekti, Moskva prospekti və digər əsas magistrallarda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində layihələrin icrası planlaşdırılır.

Bununla yanaşı, metro şəbəkəsinin genişləndirilməsi və tramvay xətlərinin yaradılması da gündəmdə olan mühüm layihələr sırasındadır. Bu addımların şəxsi avtomobillərdən istifadənin azalmasına və ictimai nəqliyyatın cəlbediciliyinin artmasına müsbət təsir göstərəcəyi gözlənilir.

Digər mühüm təşəbbüslərdən biri isə çevik iş qrafikinin tətbiqidir. Məqsəd bütün insanların eyni vaxtda, məsələn, saat 09:00-da işə başlamasının qarşısını almaqdır. İş saatlarının 08:00, 09:30, 10:00 və ya 11:00 kimi fərqli vaxtlara bölüşdürülməsi pik saatlarda nəqliyyat sıxlığının azalmasına və yol infrastrukturundan daha səmərəli istifadəyə imkan yarada bilər”.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə