"Biz istehlakçı cəmiyyətində yaşadığımızı görməliyik" - ŞƏRH EDİLDİ

“Biz istehlakçı cəmiyyətində yaşadığımızı görməliyik. Bizim dünyada gözü, nəfsi doymaz, bütün hər şeyini qurban verən istehlakçıya çevrilmək uğrunda mübarizə gedir. Bütün bunları biznes qurumları edir. Təsadüfi deyil ki, "Yuval Noah Harari"nin əsərində göstərilir ki, insanlar ovçu toplayıcı cəmiyyətindən sənaye cəmiyyətinə keçiddən sonra bu məsələlər başlayıb. Sənaye cəmiyyəti dünyada bərqərar olunandan sonra istehlakçıların beynini yumaq, onları izafi istehlakçıya çevirmək üçün milyardlarla pullar xərclənir. Artıq yüz illərdir ki, bu proses davam edir”. Bu sözləri SİA-ya Azad İstehlakçılar Birliyinin (AİD) sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, əslində hazırki dövrün müharibələri əvvəldə olduğu kimi evləri talayıb aparmaq deyil: "Hazırki dövrün müharibəsi faydalı qazıntıları, həmçinin istehlakçını ələ keçirmək məqsədi güdür. Bir sıra ölkələrdə, o cümlədən Asiya ölkələrində okeanın ortasında olan adalarda insan sıxlığı çoxdur, lakin ən brend markalar elə həmin yerdədir. Yəni bütün biznes qurumları dünyada istehlakçı oyunu ilə məşğuldu. Lakin bunu etiraf etmirlər.

Eləcə də Pavel Romanetsin "İstehlakçı fəlsəfəsi" əsərində də insanın əsas funksiyalarından biri də istehlakçı funksiyası olduğu göstərilir. Bir haldaki insanın əsas funksiyası istehlakçı olmaqdırsa, xüsusən kapitalizm cəmiyyətində onun bütün gəlirini ələ keçirmək məqsədi güdürlər. Bu işlə marketinq elmi, marketoloqlar, reklam, reklam elmi hamısı bir yerdə məşğul olurlar".

Eyyub Hüseynov qeyd edib ki, bütün istehlakçı beyninə hücum fonunda istehlakçının seçim imnkanları çətinləşir. Azad İstehlakçılar Birliyinə bu barədə şikayətlər gəlir ki, biz ən brend markalardan alırıq, lakin qətiyyən keyfiyyət normal çıxmır. Əsasəndə şikayətlər geyimlərin rənglərinin çıxması barəsində gəlir. Brend anlayışı özü damğa mənasına gəlir. Qiymət və yalançı brend arasında beyni yuyulmuş istehlakçı çox çətin şəraitdə yaşayırlar. Üstəlik ayrı-ayrı dövlətlərin qanunları da, ümumilikdə götürsək əslində istehlakçı hüquqlarının yox, biznesin hüquqlarını qorumağa yönəlir. Dəstəklənmiş biznes isə bu vəziyyətdən istifadə edir və istehlakçıları aldadır.

Uzun müddət istehlakçı hüquqlarını qoruyan dövlət orqanı İqtisadiyyat Nazirliyinin yanında Antihisar və Bazarın nəzarəti dövlət xidməti olub. 3 ay bundan öncə cənab Prezidentin sərəncamı ilə bu qurum İqtisadiyyat Nazirliyinin tərkibindən çıxarılıb, Prezidentin yanında Antihisar və Bazara nəzarət Dövlət Agentliyinə çevrilib. Bu qurumdan biz çox böyük işlər gözləyirik. Təəssüflər olsun ki, istehlakçıların hüquqlarının haqqında qanun 1995-ci ildə qəbul olunmuşdur, ondan sonra isə qanun dəyişməyib və qanun həddindən artıq köhnəlib. 3 martda Milli Məclisdə Obudsmanın illik hesabatı dinlənilən zaman 101 səhifəlik hesabatda istehlakçı sözü işlənməmişdir. Təəssüflər olsun ki, istehlakçı hüquqları, insan hüquqlarının tərkib hissəsi kimi baxılmır".

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə