SOCAR Türkiyədəki telekommunikasiya şirkətinin satış prosesini başa çatdırıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki neft emalı, neft-kimya, təbii qaz və enerji ticarətinin əsas iş sahələrində fəaliyyət göstərən törəməsi “SOCAR Türkiyə” şirkəti bu sahələrdən kənar qrup şirkətlərindən olan "Millenicom" telekommunikasiya şirkətini aktivindən çıxarır. Bu barədə SİA-ya “SOCAR Türkiyə”nin məlumatına əsasən xəbər verir.
Bildirilib ki, “Millenicom” bu razılaşma çərçivəsində artıq “Albaraka Portföy Yönetimi” A.Ş. Dördüncü Qarışıq Risk Kapitalı İnvestisiya Fondu çətiri altında müştərilərinə xidmət göstərəcək.
Qeyd edək ki, 2019-cu ildən “SOCAR Türkiyə” qrupuna daxil olan “Millenicom” şirkəti təxminən 400 min abunəçiyə sürətli, öhdəliksiz və limitsiz fiber internet xidməti təqdim edərək Türkiyənin aparıcı alternativ operatorlarından biri olub. Şirkət fərdi və korporativ müştərilərə yüksək sürətli və fasiləsiz internet xidməti təqdim etməklə yanaşı, müştəri məmnuniyyəti yönümlü yanaşması ilə sektorda hörmətli mövqedə yer alır.
Bu satışın həyata keçirilməsi ilə “SOCAR Türkiyə”nin neft emalı, neft-kimya və təbii qazı əhatə edən əsas iş sahələrinə fokuslanaraq əməliyyat səmərəliliyini artırma və davamlı böyümə hədəflərini reallaşdırmasına töhfə verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə