"İpotekaya əlçatanlıq müxtəlif aspektlərdən təhlil olunmalıdır" - SORĞU

"İpotekaya əlçatanlıq müxtəlif aspektlərdən təhlil olunmalıdır" - SORĞU

İpoteka dəyəri şəxsi vəsaitlərindən daha çox olan mənzil almağı planlaşdıran şəxslər üçün nəzərdə tutulub. Bu kifayət qədər vəsait olmadığı təqdirdə belə, insanlara öz şəxsi mənzillərində yaşamaq imkanı tanıyır. Bəzi ekspertlər hesab edirlər ki, digər dövlətlərlə müqayisədə Azərbaycanda ipoteka kreditlərinin şərtləri ağırdır. Bəs, görəsən, beynəlxalq təcrübədə ipoteka kreditləri hansı şərtlərlə verilir? SİA olaraq ekspert və iqtisadçılardan "İpotekaya əlçatanlıq hansı səviyyədədir?" mövzusunda sorğu etdik.

İqtisadçı-ekspert Xalid Kərimli: "Hamı ipoteka götürə bilmir. Burada bir çox məhdudiyyətlər var. Məhdudiyyətlər həm də yaşla əlaqədardır. Prinsip ondan ibarətdir ki, ipotekanın sonunda ödəniş tarixi sizin təqaüd yaşınızdan əvvələ tən gəlməlidir. 45-50 yaşlarında şəxs ipoteka götürmək istəyirsə, artıq o, 25 illik yox, kişidirsə, 15 illik götürə bilər. Gəlirə aid tələblər var. Sizin gəlirləriniz qeyri-rəsmi olarsa, problem yaranır. Əgər gəlirinizin bir hissəsi rəsmi, bir hissəsi qeyri-rəsmidirsə, qeyri-rəsmi hiss sizin qiymətləndirmənizdə iştirak etmir. İpoteka obyektinin rəsmi sənədinin olması lazımdır. Sənədsiz evlər ipoteka obyekti ola bilmir. Bu, ona gətirib çıxarır ki, ipotekaya cəlb oluna bilən obyektlərin, evlərin sayı azalır. Bu da ona gətirib çıxarır ki, təklif az olur. Daha çox ev ipoteka obyekti ola bilsə, ipotekanın eksklüzivliyi aşağı düşər. Ən böyük problem də insanların gəlirlərinin aşağı olması, mənzil bazarında qiymətlərin yüksək olmasıdır. Bu, ipotekanın əlçatanlığını aşağı salır. Bu şərtlərin hamısı obyektivdir.

İpoteka fondu xeyriyyə fondu deyil. İpoteka deyir ki, pul götürüb gələcəkdə qaytara bilərsən. Bu, yaxşıdır, amma ümumi şəkildə insanlara ipotekanın əlçatanlığını aşağı salır. İpoteka götürmək istəyirsənsə, ən azından ipoteka məbləğinin 15%-ni özün qoymalısan. İpoteka kreditləri üzrə ödənilən aylıq gəlirlər ümumi məzmun gəlirlərinin 70%-dən çox olmamalıdır. Təbii ki, hamı kredit götürə bilməz. Gəlirləri olan insanlar kredit götürə bilərlər. Onlar da götürdükləri krediti geri qaytara bilməlidir. Azərbaycanda ipoteka kreditinin əlçatanlığına problem ipoteka fondunun şərtlərindən daha çox mənzillərin qiymətidir".

İqtisadçı-ekspert Elman Sadiqov: "İpotekaya əl əlçatanlıq məsələsinə bir neçə aspektdən baxmaq lazımdır. Birinci məsələ ondan ibarətdir ki, faktiki olaraq insanlar nə dərəcədə rahat şəkildə ipoteka götürə bilirlər və ipotekanın sənədləşməsi və sair nə səviyyədədir? Bəli, növbəlilik sistemi də var, banklarla da danışırsınız və bankların özləri də maraqlıdır. Banklar da qazanır, heç kim də qazancından imtina etməz. Prosedurlar, mexanizm uyğundur. Burada hər hansı narahatlıq, problem yoxdur.
İpotekanın faiz dərəcəsi hamı üçün uyğundur? İnflyasiyadan daha aşağı faizlə kredit verilməsi yalnız sosial ipoteka şəklində mümkündür. İnflyasiya növbəti illərdə aşağı salınarsa, o zaman müəyyən dərəcədə 6-7% aşağı salınmasına baxıla bilər.

İpoteka hər kəs üçün əlçatandırmı?

Xeyr, hər kəs götürə bilmir. Burada önəmli olan məsələ əməkhaqqı məsələsi və gəlirin kifayət qədər olmasıdır. Çünki sizin aylıq ödənişiniz üçün uyğun gəliriniz olmalıdır. Bütün dünyada tətbiq olunan mexanizm budur ki, aylıq minimum xərcləriniz, ailə sayı, şərtlər, digər borclar da nəzərə alınmalıdır. Rəsmi maaş nə qədərdirsə, bu maaşdan çıxılır minimum aylıq xərcləri, yaşayış minimumu və vurulur adam sayına. İnsanın gəlirinə baxmadan ona ipoteka krediti vermək Amerikada böyük böhrana səbəb oldu. Bu məsələdə ehtiyatlı olmaq lazımdır. İpotekaya əlçatanlıq müxtəlif aspektlərdən təhlil olunmalıdır".

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə: "Hesab edirəm ki, bu il ipotekaya əlçatanlıq qənaətbəxş səviyyədə deyil. Bunu şərtləndirən bir sıra səbəblər var. Birincisi insanların ipotekaya əlçatanlığının olmamasıdır. Bu da ən çox vətəndaşların gəlir səviyyəsi ilə bağlıdır. Bir çox hallarda banklar vətəndaşlardan rəsmi gəlir tələb edirlər və rəsmi gəlirlər də bir çox yerlərdə (xüsusilə də özəli sektorda) aşağı göstərilir. Xüsusilə də bu regionlara aiddir. Regionlarda insanların əməkhaqqı ilə məsələləri elə də yüksək deyil. xüsusilə də banklar ehtiyac meyarı olaraq minimum hər bir ailə üzvündən ehtiyac meyarı tələb edirlər. Bu da təxminən 250-280 manat arasındadır. Yəni, 4 nəfər ailə üzvü olan şəxsin ən azı əməkhaqqı 1000 manat ehtiyac meyarıdırsa, krediti ödəmək üçün olan məbləğdən ən azı 1200 manat yuxarı olmalıdır. Çünki hər bir ailə üzvünə görə ehtiyac meyarı çıxıldıqdan sonra yerdə qalan vəsaiti bank qəbul edə bilir vətəndaşın gəliri kimi. Bir çox ailələr də bunu yerinə yetirə bilmirlər. Bu əsas səbəblərdən biridir.

Digər əsas səbəb də var. Əməkhaqları yüksək olanlar da bəzən bu məsələdə çətinliklə üzləşirlər. Bu ipoteka məbləğləri ilə bağlı məsələdir. Məsələn, güzəştli şərtlərlə olan ipoteka kreditləri 100 min manat, digər ipoteka kreditləri isə 150 min manat təşkil edir. Güzəştli ipoteka kreditinin məbləği də yaşayış sahəsinin 90%-dən, güzəştli olmayan isə 85%-dən çox olmamalıdır. Vətəndaş 100 minlik kredit əldə edə bilirsə, maksimum 85 min manat verilir. Qiymətlər elə səviyyəyə gəlib çatıb ki, o məbləğə vətəndaşlar istədikləri mənzili ala bilmirlər. Daşınmaz əmlak bazarına nəzər yetirsək, 3 otaqlıların qiyməti 150 min manatı ötməkdədir. Yeni tikili binalarda 1² metirin qiyməti hal-hazırda 2 min manatı keçmək üzrədir. Bu gün ipoteka kreditlərinin məbləği daşınmaz əmlak bazarına uyğun deyil".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə