“Azərbaycanda çox gözəl investisiya mühiti formalaşıb” – DEPUTATIN ŞƏRHİ
“Son 20 ildə ölkəmiz, milli iqtisadiyyatımız investisiya cəlbediciliyi baxımından hər hansı bir çətinliklə üzləşməyib. Bütün layihələrin maliyyə təminatı yüksək səviyyədə öz həllini tapıb. Hazırda Azərbaycanda çox gözəl sərmayə mühiti var. Hər bir sahələrdə aparılan islahatlar nəticəsində çox gözəl investisiya iqlimi yaradılıb. Formalaşmış əlverişli biznes investisiya mühiti, dünyada etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirməsi, investisiya cəlbediciliyinin, qlobal infrastruktur layihələrinin reallaşdırılması Azərbaycanda mühüm istiqamətlərdə uğurların əldə edilməsinə səbəb olub”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında hər gün genişlənən əlaqələrin kökündə də investisiya və etimad mühitinin formalaşmasıdır: “Bu gün iki ölkə arasında, iki ölkənin xalqı arasında yeni münasibətlər yaranıb. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də bu amil xüsusi olaraq vurğulanıb. Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlərimizin inkişafı barədə bu ölkənin Prezidenti də qeyd edib. Bildirilib ki, imzalanmış Anlaşma Memorandumu ilə ölkələrimiz arasındakı əlaqələr strateji əhəmiyyət kəsb edir. Ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində də əlaqələrimizin və əməkdaşlığımızın inkişafı istiqamətində səylərimizi səfərbər edəcəyik. Azərbaycan Prezidenti də iki ölkə arasında münasibətlər yüksələn xətt üzrə inkişaf etdiyini xüsusi olaraq qeyd edib və keçən ay Bakıda daha iki önəmli sənədin imzalanmasından danışıb. Onlardan biri - Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında imzalanmış sənəd əsasında bir milyard dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondunun yaradılmasıdır. İkinci önəmli sənəd informasiya-kommunikasiya sektoruna aiddir. Bildirilib ki, müxtəlif sahələrdə daimi inkişaf və uğurun şahidi oluruq. İki ölkə arasında, iki ölkənin və iki xalqın rifahı və çiçəklənməsi naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafı labüddür və lazımdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB