Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş kimi böyük nüfuz sahibidir – ŞƏRH EDİLDİ
"Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı Azərbaycanın neft və qaz sənayesinin inkişafına mühüm töhfə verəcək. Eyni zamanda, ölkənin beynəlxalq əlaqələrinin səviyyəsinin yüksəldilməsində də özünəməxsus rol oynayacaq. Bu günə qədər Azərbaycan beynəlxalq əlaqələr sahəsində mühüm layihələr həyata keçirib və dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı əməkdaşlıqlar qurub. Bu dövlətlər arasında Bolqarıstan və Serbiya da var". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, Azərbaycan-Serbiya və Azərbaycan-Bolqarıstan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamələr əməkdaşlıq əlaqələrinin yüksək statusunun ifadəsidir: “Adıçəkilən interkonnektorun fəaliyyəti ölkələrin sənayesində inkişafa böyük töhfə verəcək. Ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bu sənədə görə, Azərbaycanın 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda Azərbaycan təbii qazı Serbiya da daxil olmaqla doqquz ölkəyə ixrac olunur. Doqquz ölkədən yeddisi Avropaya aiddir. İnanırıq ki interkonnektorun fəaliyyəti Avropanın enerji təhlükəsizliyinə töhfəsini verəcək. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir, irəli sürülmüş və icra edilmiş layihələr Avropanın, Asiyanın, Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib edib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Serbiya, Bolqarıstan, Şərqi Avropa qrupuna daxil olan digər ölkələrlə Azərbaycan arasında səmimi dostluq amili də bu layihələrin daha da uğurlu şəkildə icrasına zəmin yaradır. Dövlətimiz bu gün Avropa məkanında etibarlı enerji təchizatçısı olmaqla yanaşı etibarlı tərəfdaş kimi də böyük nüfuz sahibidir. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB