"Aqrar sahənin inkişaf etdirilməsi daima dövlət qayğısı ilə əhatə olunur" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycan Respublikasının 2024-cü ilin dövlət büdcəsi artıq parlamentdə üç oxunuşdan keçərək qəbul olunub. Dövlət büdcəsinin kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitinin mühafizəsi xərclərinə cəm olaraq 1851,5 milyon manat məbləğində vəsait ayrılacaqdır”.

Bunu SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Millət vəkilinin sözlərinə görə, gələn ilin dövlət büdcəsinin kənd təsərrüfatı bölməsi üçün 1109,9 milyon manat vəsait nəzərdə tutulub: “Həmin vəsaitin 507,1 milyon manatı Azərbaycan Respublikasının ərazisində mövcud olan su ehtiyatlarının səmərəli istifadə edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi,fermerlərin suvarma suyu ilə təchizatının və torpaqların melorativ vəziyyətinin yaxşılaşdırılması, kənd təsərrüfatının inkişafı ilə bağlı sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarma sahələrinin genişləndirilməsi, suvarma subartezan quyularının saxlanılması və digər meliorasiya tədbirlərinin maliyyə təminatına yönəldiləcəkdir”.

A.Badamov bildirib ki, məqsədli olaraq kənd təsərrüfatı tədbirləri üçün 546,2 milyon manat, baytarlıq tədbirləri üçün 48 milyon manat proqnozlaşdırılmışdır: “O cümlədən ərzaq təhlükəsizliyi tədbirləri üçün 502,9 milyon manat vəsait nəzərdə tutulub. Həm də dövlət büdcəsində subsidiyaların verilməsinin davam etdirilməsi, o cümlədən aqrar sahəsinin inkişafının stimullaşdırılması tədbirlərinə davam etdirilməsi nəzərdə tutulub. Aqrar sahə iqtisadiyyatın strateji əhəmiyyətli sahəsidir. Ona görə də bu sahənin inkişaf etdirilməsi daima dövlət qayğısı ilə əhatə olunur”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə