Almaniyanın Giessen Universiteti kitabxanasında Azərbaycan kitab bölümü açılıb

Almaniyanın Giessen Universiteti kitabxanasında Azərbaycan kitab bölümü açılıb

Almaniyanın Hessen əyalətinin Giessen Universiteti Kitabxanasının Şərqşünaslıq və Türkologiya bölməsində Azərbaycanın xalqının ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ərəfəsində Azərbaycan kitab bölümü açılıb. SİA-nın xəbərinə görə, bu bölümə 200-dən artıq müxtəlif mövzuda Azərbaycan, türk, rus, alman, ingilis və fransız dillərində kitab təqdim edilib.

Bölmənin rəhbəri Bernhard Friedmanın Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciətindən sonra Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə və onunla birgə əməkdaşlıqda adı çəkilən kitab bölümünün açılmasına qərar verilib. Friedmanın sözlərinə görə universitetin rəhbərliyi Azərbaycan Respublikasına artan marağı və Azərbaycan haqqında daha ətraflı məlumat almaq üçün universitetin nəzdində həmin ölkəyə aid kitab bölümünün açılmasını məqsədəuyğun saymış və yardım üçün Frankfurt-Azərbaycan Cəmiyyətinə müraciət edib.

Frankfurt-Azərbaycan Cəmiyyətinin sədri, xanım Kəmalə İsgəndərova bildirib ki, universitetdə açılan yeni kitab bölümünün Azərbaycan və Dağlıq Qarabağ həqiqətlərinin alman və dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu olacaqdır. Belə ki, Giessen Universitetində dünyanın 30-dan çox ölkəsindən gəlmiş gənc təhsil alır.

Kitab bölümünün açılış və kitabların təqdimatı mərasimində Frankfurt-Azərbaycan Cəmiyyətinin digər əməkdaşları, Giessen Universiteti Kitabxanasının Şərqşünaslıq və Türkologiya bölməsinin rəhbəri Friedman və tələbələr iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə