“Eurovision -2011” yarışmasının final mərhələsini 70 milyon tamaşaçı izləyib
Almaniyanın Düsseldorf şəhərində keçirilən "Eurovision -2011" yarışmasının final mərhələsini 70 milyon tamaşaçı izləyib. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu rəsmi rəqəmi Avropa Yayım Birliyi (EBU) dünən açıqlayıb.
Mayın 10-u və 12-də keçirilən yarımfinal konsertlərini müvafiq olaraq 24.8 və 19.7 mln. tamaşaçı izləyib. Ümumilikdə isə bu rəqəm 114.5 milyon təşkil edir və bu da keçən ildən 9 mln çoxdur. "Eurovision-2011" yarışması da ötən illərdə olduğu kimi bütün iştirakçı ölkələrdə canlı yayımlanıb.
Eyni zamanda müsabiqədə iştirak etməyən Kosova, Qazaxıstan, Avstraliyada və Yeni Zelandiyada da canlı olaraq nümayiş etdirilib. Builki müsabiqə 15 milli radio da yayımlanıb ki, bu da rəqəmlərdə rekordları qırır. "Eurovision" müsabiqəsinin icraçı direktoru Jon Ola Sand deyib ki, bu yalnız 7 və ya 5 saatlıq şou deyil, bu həm də reytinqin uğurudur: "Bütün avropada, bir çox yayımçılar keçən ilki rekordları qırıblar. Bu sanki sehrli bir şeydir, çünki milyonlarla insan eyni maraqları bölüşürlər və bu coşğunu yaşayırlar".
İnternetdə online olaraq 56-cı "Eurovision"müsabiqəsini 804.000 insan izləyib. Müsabiqənin rəsmi internet saytı olan eurovision.tv-də isə 87 milyon nəfər builki müsabiqəyə tamaşa edir. Bu da ötən ildən 8 faiz çoxdur.
"Eurovision-2011" müsabiqəsində tədbirlərin təşkilatçısı Sitse Beyker ildən-ilə sosial media aktivliyini müşayiət etdiklərini bildirib. Onun sözlərinə görə, facebook sosial şəbəkəsində "Eurovision" səhifəsinə 400000 nəfər qoşulub, twitterdə də isə "Eurovision"la bağlı aktivlik qalxıb. O da bildirilir ki, Azərbaycanın qələbə qazandığı "Eurovision-2011" yarışmasını 36 000 tamaşaçı Düsseldorfun "Esprit Arena"sından izləmək imkanı qazanıb.
Qeyd edək ki, 56-cı "Eurovision" yarışmasında Azərbaycan təmsilçiləri Eldar və Nigar 43 ölkə təmsilçisi arasında birincilik əldə ediblər. Növbəti il bu müsabiqəyə məhz Azərbaycan ev sahibliyi edəcək. Mayın 22-si və 24-də müsabiqənin yarımfinalları, 26-da isə final mərhələsinin keçiriləcəyi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB