Ələsgər Ələkbərov yad ediləcək

İyunun 3-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, SSRİ Xalq Artisti Ələsgər Ələkbərovun 100 illiyi münasibəti ilə yubiley tədbiri keçiriləcək. Teatrdan SİA-ya verilən xəbərə görə, tədbirin ssenari müəllifi Əməkdar Mədəniyyət İşçisi Atababa İsmayıloğlu, rejissoru Xalq Artisti Mərahim Fərzəlibəyov, aparıcısı sənətşünaslıq doktoru, professor Məryəm Əlizadədir.

Yubiley Tədbirində Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Xalq Artisti, professor Ağakişi Kazımov, Əməkdar İncəsənət Xadimi Aydın Kazımov və Xalq Artisti Rafiq Əzimov çıxış edəcəklər.

Gecədə Akademik Milli Dram Teatrının aktyorlarının ifasında Ələsgər Ələkbərovun yaradıcılığında önəmli yer tutan "1905-ci ildə", "Vaqif", "Bahar suları", "Otello" tamaşalarından parçalar göstəriləcək, həmçinin görkəmli sənətkarın yaradıcılığını əks etdirən video-çarxlar və fotolar nümayiş olunacaq.

Teatrın foyesində Ələsgər Ələkbərovun yaradıcılıq fəaliyyətini əks etdirən lövhə hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə