Azərbaycanın “Turan” ansamblı İtaliyada keçirilən Şərq musiqisi konsert proqramında iştirak edib –FOTO
İtaliyanın Turin şəhərində Şərq İncəsənəti
Muzeyində "Darbar" adı altında mühazirə və konsert proqramı keçirilib. Azərbaycanın zəngin mədəniyyət nümunələrinin
Avropada təbliğinin genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi
tərəfindən dəstəklənən tədbirdə sənətşünas Sənubər Bağırova, xanəndə Qoçaq Əsgərov
və "Turan" ansamblı iştirak edib. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət
proqramları şöbəsindən SİA-ya verilən məlumata görə, tədbirin birinci
günündə AMEA-nın Memarlıq və İncəsənət İnstitutun böyük elmi işçisi, sənətşünaslıq
namizədi, UNESCO-nun qeyri-maddi mədəni irs üzrə eksperti Sənubər Bağırova Azərbaycanın
zəngin mədəni irsi, tarixi, musiqisi haqda geniş mühazirə söyləyib.
Mühazirə zamanı Əqdəs Bağırzadənin Bakının 19-cu əsrin
sonları və 20-ci əsrin əvvəllərindəki simasını əhatə edən orijinal foto
illüstrasiyalarından, İçəri şəhərin və İslam arxitekturasının nümunələrindən
ibarət, muğam, caz və aşıq musiqisi ilə müşayiət olunan slayd-şoular göstərilib.
Konsert proqramında isə "Muğam - Azərbaycanın müqəddəs
musiqisi" - Qoçaq Əsgərovun ifalarından ibarət diskin təqdimat mərasimi
keçirilib. Sonra Qoçaq Əsgərov və onun "Turan" ansamblı geniş proqramla çıxış
edib. Azərbaycan incəsənət ustalarının ifası dinləyicilər tərəfindən rəğbətlə
qarşılanıb.
Qeyd edək ki, Azərbaycan İtaliyanın Turin şəhərində
keçirilən bu konsert proqramına ilk dəfə qatılır. Hər il keçirilən bu tədbirlərdə
Şərq dünyasından olan ölkələrdən, xüsusilə Türkiyədən, Pakistandan,
Hindistandan, Yaponiyadan olan incəsənət ustaları konsert proqramı ilə çıxış
edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB