“Sabir poeziya günləri” çərçivəsində Şamaxıda tədbir keçirilib

“Sabir poeziya günləri” çərçivəsində Şamaxıda tədbir keçirilib

Mədəniyyət və Turuzim Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə "Sabir poeziya günləri" çərçivəsində Şamaxıda tədbir keçirilib. SİA-nın məlumatına görə, Sabir poeziya bayramında respublikamızın tanınmış ziyalıları, yazarlar, eləcə də yüzlərlə sabirsevər iştirak edib.

İlk olaraq qonaqlar "Yeddi günbəz" qəbiristanlığında sənətkarın qəbirini ziyarət edərək, məzarı üstünə çiçəklər qoyublar. Sonra Şamaxının S.Ə.Şirvani küçəsində yerləşən Sabirin ev-muzeyinin qarşısında poeziya bayramı keçirilib.

Tədbiri giriş sözü ilə şair Əjdər Ol açaraq, bütün həyatı boyu xalqının ağrı-acısı ilə yaşayan tanınmış ziyalı, maarifpərvər, vətənpərvər şairin yaradıcılığından bəhs edib.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, şairlər - Ağacəfər Həsənli, Azər Abdulla və başqaları çıxışlarında güldürən, güldürə-güldürə də düşündürən satira ustası Sabirin yaradıcılığının məziyyətlərindən bəhs ediblər. Qeyd olunub ki, sənətkarın "Əkinçi", "Oxutmuram, əl çəkin!" kimi dillər əzbəri olan yüzlərlə satirik şeiri insanları maariflənməyə, çar Rusiyasının müstəmləkəçilik siyasətinə qarşı mübarizəyə səsləyirdi.

Sabir poeziya bayramında iştirak edən qonaqlar sonda böyük sənətkarın ev-muzeyinə baxış keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə