“Aida” tamaşası opera sənətinin bayramına çevrildi

“Aida” tamaşası opera sənətinin bayramına çevrildi

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçirilib. Məlum olduğu kimi, "Aida" dünya opera sənətinin ən nadir incilərindən biri olub, operasevərlər arasında çox populyardır. SİA-nın xəbərinə görə, bu operanın hər tamaşası böyük tamaşaçı marağına səbəb olur. Elə bu dəfə də tamaşa anşlaqla baş tutmuş və böyük uğurla keçib.

Tamaşanı məşhur italyan dirijoru Canluka Marçianonu idarə edib. Aida partiyasını isə ilk dəfə olaraq teatrın gənc və istedadlı solisti Çinarə Şirin uğurla ifa edib. Respublikanın əməkdar artistləri Fidan Hacıyeva (Amneris), Əvəz Abdullayev (Amonasro), Əli Əsgərov (Misir şahı) və Əkrəm Poladov (Ramfis) öz rollarını böyük ustalıqla və yüksək peşəkarlıqla ifa ediblər. Radames rolunda isə Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili çıxış edib.

Tamaşadan sonra dirijor Canluka Marçiano deyib: "Mən ilk dəfədir ki, Azərbaycandayam. Bu səfər Opera və Balet Teatrının direktoru cənab Akif Məlikovun dəvətilə baş tutub. "Aida" operasının bugünkü tamaşası gözlədiyimdən daha uğurlu keçdi. Sizin orkestr və solistlərlə çalışmaqdan böyük zövq aldım. Orkestrdə gözəl musiqiçilər vardır və sevindirici haldır ki, onlar bugünkü tamaşanı xüsusi ilhamla ifa edirdilər. Xor artistləri və solistlərin yüksək professional səviyyəsini də qeyd etmək istəyirəm. Aida partiyasının ifaçısı Çinarə Şirin və Amneris rolunda çıxış edən Fidan Hacıyeva məndə gözəl təəssürat oyatdı. Onların fenomenal vokal imkanları, gözəl xarici görünüşləri və yüksək aktyor ustalıqları təqdirəlayiqdir. Vokal nöqteyi nəzərdən Şah, Amonasro və Ramfis rollarının ifaçılarını da çox bəyəndim".

Belə yüksək milli mədəniyyətə malik olan Azərbaycana yenidən gəlməyi və Bakının qabaqcıl Opera və Balet Teatrında tamaşalar idarə etməyi özüm üçün böyük şərəf hesab edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə