Vüqar Muradov: “Mənimlə qalmaqal edəcək insanın səviyyəsi gərək məndən çox olsun” - MÜSAHİBƏ

Vüqar Muradov: “Mənimlə qalmaqal edəcək insanın səviyyəsi gərək məndən çox olsun” - MÜSAHİBƏ

"Yeni ulduz-6" mahnı müsabiqəsinin qalibi Vüqar Muradovun SİA-ya müsahibəsi:

- Son vaxtlar efirlərdə demək olar ki, çox az görünürsünüz...

- Müəyyən səbəblərə görə efirlərdə çox görünə bilmirdim. Bu ən çox da səhhətimdə baş verən nasazlıqla bağlı idi. Uzun müddətdir ki, müalicə alıram. Bununla yanaşı, bir azda tənbəllik edirdim. Ancaq indi hər şey öz qaydasındadır. Mayın axırından ciddi şəkildə start götürürük, çünki çox böyük layihələrim var və onları həyata keçirmək üçün əlimdən gələni edəcəyəm. Bundan sonra yalnız sənətimlə məşğul olacağam.

- Səhhətinizdə ciddi problem yoxdur ki?

- Yox sadəcə soyuqdəymədir, kiminin orqanizmində immunitet güclü olur, kimisində isə zəif. Artıq səhhətimdə hər şey öz qaydasındadır, elə bir ciddi problem yoxdur.

- Nə kimi yeni layihələr gözlənilir?

- Yeni ritmik mahnının klip çəkilişlərinə başlamışıq. Bütün bu yeni layihələrimin həyata keçirilməsi ilə prodüsserim Roland məşğul olacaq. Gələn ilin ortalarında geniş konsert verməyi də planlaşdırıram. Baxmayaraq ki, Bakıda hələ konsertim olmayıb, lakin Ukraynada, Belarusda konsert proqramlarım olub. Kiyevdə konsertim olub, hətta bu şəhəri ikinci vətənim kimi hesab edirəm. Çünki orda el şənliklərində, dövlət tədbirlərində Azərbaycanın nümayəndəliyinin təşkil etdiyi tədbirdə də çıxış etmişəm. Bundan sonra bir çox ölkələrdə də konsertlərim olacaq. Necə deyərlər nə qədər ki, səsim var o zamana kimi də ifa edəcəyəm. Rəqiblər çox olsa da onları aşıb keçməyə hələ ki qüvvəm var.

- Yerli mətbuatlardan belə bir duyduq ki ,Vüqar Muradov övladlıq uşaq götürmək istəyir?

- Həmin jurnalistə qəzəblənmədim, çünki mənim belə bir fikrim olmayıb. Belə söz deməmişəm ki, uşaq götürəcəyəm. Sadəcə olaraq kimsəsiz uşaq evlərinin birində olduğum zaman bir dünya gözəli qız gördüm və çox xoşum gəldi. Elə orada da dedim ki, kaş ki evli olardım bu uşağı da övladlığa götürərdim. Subay ola- ola uşaq götürüb baxmağım düzgün çıxmaz.

- Evlilikdən söz düşmüşkən ailə qurmaq fikriniz yoxdur?

- Hələ 28 yaşım var, bu barədə düşünmək tezdir, həm də mənim də özümə görə kriteriyalarım var.

- Xəyallarınızdakı qız necə olmalıdır?

- Xəyallarımda hələ ki elə birisi yoxdur ki, düşünüm ki, bu belə olmalıdır. Sadəcə onu deyə bilərəm ki, evlənəcəyim qız ən azından uzun boylu gözəl bir xanım olmalıdır. Artıq özümü bu sənətin fədailərindən sayıram, hələ ki ancaq sənət barədə düşünürəm, ailə haqqında daha sonra fikirləşərəm.

- Yəqin ki, toy məclislərinə gedirsiniz, son zamanlar gündəmdə olan Can-cana mahnısını orada ifa edirsiniz?

- Bu tipli mahnıların "bozbaş" adlandırılması çox yanlışdır. Bu mahnı Qara dəniz türklərinin bu cəmiyyətin arasında yaranan mahnıdır. Bu mahnının da tarixi var. Bunu bir növ şişirdib qaldırmaq nəyə lazımdır? Onu da qeyd edim ki, pis mahnı yoxdur, sadəcə mahnını yaxşı ifa edə bilməyən ifaçı var.

- Ancaq bir çoxları bu mahnını ifa etməyi özlərinə sığışdırmırlar…

- Bu mahnını oxumaq heç də qəbahət deyil. Bir çox toy məclislərində də bunu ifa etmişəm. Toylarda müxtəlif tipli mahnıları ifa edirəm.

- Bir çoxlarının bəyənmədiyi Manaf Ağayevin "Ay canı yanmış" mahnısı daha çox gəlir əldə edir…

- Düşünürəm ki, toy məclislərində ən çox sifariş alan mahnılardan biri də məhz budur. Çoxları özünü akademik kimi göstərir, təkəbbürlü aparır. Düşünürəm ki, belə etmək lazım deyil. Əgər həmin ifalar hamı tərəfindən sevilirsə o zaman təkəbbürü bir kənara qoymaq lazımdır. Misal olaraq, bir çoxlarının yaxşı tanıdığı türk müğənnisi Sərdar Ortac mənim üçün İbrahim Borçalı səviyyəsində bir ifaçıdır. Çünki onun ifa etdiyi musiqilər mənim üçün çox ucuz musiqilərdir. Onun mahnılarında heç bir not tələb olunmur. Buna baxmayaraq onu bir çoxları sevir və mahnılarını da dinləyir. Hər kəsin öz oxu tərzi var.

- Vüqar Muradovun qalmaqalla arası necədir?

- Mən qalmaqal etmirəm, sadəcə sözümü deyib, xitamımı tutur və bunun da qarşılığında heç kim səsini çıxarda bilmir. Mən istər səsimə, istər qol gücümə görə çox güclü rəqibəm. Qalmaqal yaratmaqla aram yoxdur. Qalmaqal edəcək insanın səviyyəsi gərək məndən çox olsun.

- Elə bir insan varmı?

- Hələ ki yoxdur. Çünki insan özü özünün tərbiyəçisidir. Mən özümə çox dəyər verib qiymətləndirməyi bacara bilirəm.

- Bəlkə də həmin insanlar sırf gündəm də qalmaq üçün qalmaqallara əl atırlar?

- Düşünürəm ki, bu söz artıq şou- biznes aləmində bitmiş bir sözdür. Artıq heç kim qalmaqallarla maraqlanmır.

- Vüqar Muradovun qara siyahısı varmı?

- Mən şou- biznes aləmindən tamam uzağam. Sənət adamlarından heç biri ilə dostluğum yoxdur və bundan sonra da olmayacaq. Bu hər zaman belə olub və belə də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə