H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrı Əli Əmirlinin "İyirmi ildən sonra" adlı pyesi əsasında hazırladığı tamaşanı teatrsevərlərə təqdim edib. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, əməkdar artist Firudin Məhərrəmovun müasir melodram kimi təqdim etdiyi əsərdə hadisələr parlaq rolların ifaçısı olmuş aktyor Otellonun ailəsində baş verir.
Maddi sıxıntılar nəticəsində vaxtı ilə ona şöhrət gətirən sənətinə xəyanət edən xalq artisti yeni iqtisadi münasibətlərin burulğanında nə qədər çapalasa da çıxış yolunu tapa bilmir. Aktyorun ümidsizliyə yuvarlanıb özünü axının ixtiyarına buraxması ailə üzvlərini onun üstünə qaldırır, ən çoxu da ömrünün, həyatının işığı adlandırdığı sevimli arvadı İşıq etiraz səsini ucaldır və ərinin "sən ta məni sevmirsən" sualına "məhəbbətin də limiti var" deyir. İşıq etirazla, tənələr və deyintilərlə kifayətlənmir, təşəbbüsü öz əlinə alır, ailəni kasıblığın məngənəsindən çıxarmağa çalışır. Əsas hadisələr də elə buradan başlayır.
Tamaşada əsas rolları Rauf Ağakişiyev, Xatirə Süleymanova, Vaqif Səmədzadə, İlham Səfərli, Əsmər Qurbanova və Vüsal Mustafayev çıxış ediblər. Səhnəqrafiyanın müəllifi Sevinc Həsənova, bəstəkarı sənətşünaslıq namizədi Telman Qəniyevdir.
Qeyd edək ki, dramaturqun etiraf etdiyi kimi çox sevdiyi "İyirmi ildən sonra" pyesi 1994-cü ildə yazılan və ilk dəfə 1996-cı ildə vaxtsız dünyasını dəyişən mərhum rejissorumuz Hüseynağa Atakişiyevin quruluşunda Dövlət Gənclər Teatrında tamaşaya qoyulub. Bundan sonra əsər ölkənin bir sıra dövlət teatrlarında, habelə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində diplom tamaşası kimi bir neçə dəfə səhnələşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB