Bakı Musiqi Akademiyasında Tərlan Seyidovun sinfinin laureatlarının konsert proqramı təqdim olunacaq

Bakı Musiqi Akademiyasında Tərlan Seyidovun sinfinin laureatlarının konsert proqramı təqdim olunacaq

Mayın 26-da, saat 18.00-da Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Böyük zalında fortepiano musiqisi gecəsi təqdim olunacaq. SİA-nın məlumatına görə, tədbir BMA-nın 90 və bu ali təhsil ocağının nəzdində fəaliyyət göstərən Orta ixtisas musiqi məktəb-studiyasının 30 illiyinə həsr olunur. Konsertdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovun sinfinin fortepiano ixtisası üzrə təhsil alan tələbələri çıxış edəcək.

Konsert proqramında BMA-nın məktəb-studiyasının məzunları, Respublika və beynəlxalq müsabiqələr laureatları Orxan Əliyev və Fərqanə Həsənlinin ifasında İ.S.Baxın polifonik əsərləri, L.V.Bethovenin Do major virtuoz sonatası №3 və üçhissəli proqram sonatası №26 mi-bemol major ("Vida", "Ayrılıq" və "Görüş"), həmçinin S.Prokofyevin lya minor №3 sonatasını səsləndirəcəklər.

Konsertdə həmçinin T.Seyidovun sinif assistenti Nuranə Zeynalova da iştirak edəcək. Onun ifasında F.Listin və Moris Ravelinin əsərləri səsləndiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə