İsrafil İsrafilov Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının rəhbəri seçilib

İsrafil İsrafilov Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurasının rəhbəri seçilib

Mayın 16-dan 20-nə qədər Türkiyədə Beynəlxalq Teatr Festivalı keçirilib. Festival çərçivəsində türkdilli dövlətlərin teatr rəhbərlərinin toplantısı da olub. Tədbirdə Azərbaycanı Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov təmsil edib.

SİA-nın məlumatına görə, bu barədə İ. İsrafilov jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, toplantının əsas məqsədi türkdilli dövlət teatrlarının əməkdaşlığını və bir-birilərinə yardımlarını təşkil etməkdir: "Demək olar ki, bu teatrların hamısı eyni problemlərlə yaşayır. Ayrı-ayrı türkdilli dövlətlərin teatrları bir-biriləri haqda məlumatsızdır. Toplantıda ilk çıxış sözü mənə verildi. Teatrımız, onun problemləri, perspektiv planları haqda məruzə etdim. Məndən sonra çıxış edən 11 nəfər də demək olar ki, eyni problemlərdən və təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyindən danışdılar".

Toplantının sonunda Türkdilli Xalqların Teatrları Rəhbərlərinin Şurası yaradılıb.

Şuraya sədr İsrafil İsrafilov seçilib. "Azərbaycan ilk dəfə təşkil olunan bir şuraya rəhbərlik etməyə başladı. Gələcəkdə görüləcək çox işlərin planını qurduq. Gələn il üçün M, F. Axundovun 200 illik yubileyi ilə bağlı onun pyeslərinin bütün türkdilli xalqların teatrlarında qoyulması məsələsini irəli sürdüm və yaxşı da qarşılandı. Bakıya gələn kimi də həmin əsərlərin o ölkələrə göndərilməsi ilə bağlı işlərə başladım",- deyə direktor əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə