Gürcü teatrı bu gün Azərbaycan səhnəsində “Piqmalion” tamaşasını nümayiş etdirəcək- FOTO

Gürcü teatrı bu gün Azərbaycan səhnəsində “Piqmalion” tamaşasını nümayiş etdirəcək- FOTO

K.Marcanaşvili adına Gürcüstan Dövlət Akademik Dram Teatrı və Akademik Milli Dram Teatrı arasındakı əməkdaşlıq davam edir. SİA-nın məlumatına görə, artıq 2 gündür ki, gürcü teatrı Bakıda qastrol səfərindədir.

Qastrolla bağlı olaraq bu gün teatrda mətbuat konfransı keçirilib. Mətbuat konfransında çıxış edən teatrın direktoru İsrafil İsrafilov gürcü teatrı ilə əməkdaşlığın ölkəmizdə teatr sahəsində aparılan islahatların nəticəsi olduğunu vurğulayıb: "Aparılan islahatlar qarşımıza yeni vəzifələr qoyur. Avropa teatr məkanına daxil olmaq, Azərbaycan teatrını təbliğ etmək qarşımızda duran əsas məsələdir. Yaxın qonşumuz Gürcüstanla mədəni əlaqələrə xüsusi yer ayırırıq. İki teatr arasında qarşılıqlı qastrol, birgə tamaşaların hazırlanması, hətta texniki işçilər arasında əlaqələr qurulur. Gürcüstan Dövlət Akademik Dram Teatrının Bakıda çıxış etməsi böyük hadisədir".

İsrafil İsrafilov onu da qeyd edib ki, teatrların əməkdaşlıq perspektivlərinə əsaslanan birgə layihə ilə kifayətlənmir. 30-31 May tarixlərində Akademik Milli Dram Teatrının Gürcüstana qastrol səfəri planlaşdırılır. Daha sonra birgə tamaşaların hazırlanması, həmçinin Levan Tsuladzenin Akademik Milli Dram Teatrında, Azərbaycan Respublikasının xalq artisti, professor Azər Paşa Nemətin K.Marcanişvili adına Dövlət Akademik Dram Teatrında tamaşa hazırlaması planlaşdırılır.

"Moruq" tamaşasının ifaçıları N.Murvanidze və N.Kuçava isə bildirdilər ki, Bakı səhnəsində çıxış etmək onlar üçün çox maraqlıdır. Tamaşa zamanı əsərin subtitrlə tərcümə olunması isə onların üzərinə daha böyük vəzifə qoyur.

Qeyd edək ki, bu gün gürcü teatrı Azərbaycan sənətsevərlərinə daha bir tamaşanı - görkəmli ingilis yazıçısı Bernard Şounun "Piqmalion" əsəri əsasında hazırlanan tamaşanı təqdim edəcək.

Əldə olunan razılığa görə, mayın sonunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da iki tamaşa isə Tbilisidə çıxış edəcək.

"Piqmalion" tamaşası Bernard Şounun eyniadlı əsəri əsasında hazırlanıb. Səhnələşdirmənin müəllifi Aka Morçiladze və Levan Tsuladzedir. Məşhur gürcü aktrisası, Gürcüstanın xalq artisti Sofiko Çiaurelinin xatirəsinə həsr olunan tamaşanın bəstəkarı Vaxtanq Kaxidze, səhnəqrafı Şmaqi Savaneli, geyim üzrə dizayneri Anna Kalatozişvili, xoreoqrafı Giya Marqaniya, texniki rejissoru Nina Jorjolianidir.

Rejissor yozumuna uyğun olaraq, tamaşada personajların adları gürcü adları ilə əvəzlənib. İki hissəli komediyada Gürcüstanın xalq artisti Tamara Sxirtladze (Ana), Gürcüstanın Əməkdar və İctimai artistləri Givi Çuquaşvili (Elizbar Ratişvili) Georgi Şavqulidze, Georgi Kartvelişvili kimi aktyorlar çıxış edirlər. Tamaşanın xronometrajı 150 dəqiqədir.

"Moruq" tamaşasını isə Levan Tsuladze yaponiyalı rejissor, aktyor və ssenarist Koki Mitaninin "Gülüş akademiyası" ssenarisi əsasında hazırlayıb. Modern teatr üslubunda hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnəqrafı Levan Tsuladze, rejissor assistenti Temur Kuprava, geyim üzrə rəssamı Nino Surquladze, musiqi tərtibatçısı Zurab Qaqloşvili, texniki rejissoru Nino Jorjolianidir. Tamaşada cəmi iki aktyor iştirak edir. Neo rolunu Nato Murvanidze,

Tsubaki rolunu isə Nika Kuçava ifa edir.

Tamaşanın xronometrajı 105 dəqiqədir.

Bütün xəbərlər Facebook səhifəmizdə