“Müasir dövr və dramaturgiyada yeni düşüncə tərzi” devizi altında dəyirmi masa keçirilib- FOTO
Bu gün Azərbaycan Teatr Xadimləri İttifaqının (TXİ) konfrans zalında Milli dramaturgiya məsələlərinə həsr olunan "Müasir dövr və dramaturgiyada yeni düşüncə tərzi" devizi altında dəyirmi masa keçirilib.
SİA-nın məlumatına görə, dəyirmi masada çıxış edən xalq artisti, teatrşünas
Azərpaşa Nemətov bildirib ki, Azərbaycan teatr xadimlərinin keçirdiyi bütün
festival, müsabiqə və bir sıra tədbirlərdə əsas məqsəd milli teatr aləmində
gedən yaradıcılıq proseslərini fəallaşdırmaq, sənətçiləri və xüsusən gəncləri
yaradıcılıq axtarışlarına sövq etməkdir: "Bu gün keçirdiyimiz dəyirmi masa
ətrafında da "milli dramaturgiya məsələlərini" araşdırıb "Müasir dövr və
dramaturgiyada yeni düşüncə tərzi" devizi altında müzakirələr keçirib,
gənclərin bu sahəyə olan marağının azalma səbəblərinə toxunacağıq. Dəyirmi
masada iştirak edən dramaturqlar ən müxtəlif yaş qruplarını təmsil edən
insanlardır, onların qaldırılan problemə münasibətləri müxtəlif ola bilər".
A.Nemətov onu da qeyd edib ki, Azərbaycanda dramaturgiya yaxşı vəziyyətdə deyil: "Baxmayaraq ki, teatrın təməli məhz dramaturgiyadır. Digər ölkələrin bu sahəsinə baxanda görürük ki, ölkəmizdə bu sahə tam olaraq formalaşmayıb. Gənclərlə yaşlı nəsil arasında bir uçurum var. Dramaturgiya ilə hər adam məşğul ola bilməz. Hazırda bu sahədən çox az insan yazır, çünki çox çətin janrdır".
Tədbirdə teatrşünas Məryəm Əlizadə, rejissor Ramiz Fətəliyev və başqaları iştirak ediblər.
Sonda maraqlananlar xüsusən də gənc dramaturqlar TXİ-nın ayda bir dəfə keçirdiyi "Axundov dərsləri"nə dəvət olunublar. Bu dərslər 2012-ci ilin martın 21-ə qədər M.F.Axundovun 200 illiyinə qədər davam etdiriləcək. Bu yubiley çərçivəsində yazılan 3 ən maraqlı dram əsəri isə İttifaqın diplomu ilə təltif olunacaq və ittifaqın tövsiyəsi ilə dram əsərləri teatrlardan birinin repertuarına salınacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB