Muğam ustaları Latviyanın simfonik orkestrinin müşayiəti ilə konsert verəcəklər
Azərbaycanın xalq artisti Mənsum İbrahimov və bir sıra muğam ustaları Latviyanın simfonik orkestrinin müşayiəti ilə konsert proqramı təqdim edəcəklər. Bu barədə SİA-ya açıqlamasında xalq artisti M.İbrahimov bildirib.
O qeyd edib ki, "Azərbaycan simfomuğam"ı adlı konsert proqramı mayın
29-da Latviyanın Dövlət Filarmoniyasında Azərbaycanın Latviyadakı səfiri,
Latviyanın Azərbaycandakı səfiri, "Ocaq" Azərbaycan Mədəniyyət Mərkəzi və
Riqanın RST qurumunun təşkilatçılığı ilə keçirilən tədbirdə maraqlı konsert
proqramı təqdim olunacaq: "Latviyalılara təqdim olunacaq "Azərbaycan
simfomuğamı" adlı konsert proqramı özündə muğam və simfonik musiqinin vəhdətini
birləşdirəcək".
Konsert proqramının Respublika gününə həsr olunacağını deyən xalq
artisti: "Konsertdə Latviyanın simfonik orkestrinin müşayiəti ilə "Trio Qarabağ"
Azərbaycan muğamının və klassik Azərbaycan xalq musiqilərini bir çox incəliklərini
layihədə təqdim etməyi nəzərdə tutub. Konsertin dirijoru Azərbaycanın əməkdar
incəsənət xadimi Yalçın Adıgözəlov, trioya isə xalq artisti Mənsum İbrahimov,
tarda əməkdar artist Elçin Həşimov və kamançada Əməkdar artist Elnur Əhmədov
daxildir",- deyə əlavə edib.
M. İbrahimov onu da vurğulayıb ki, layihənin rəhbəri Milli Konservatoriyanın direktoru, xalq artisti Siyavuş Kərimidir: "Simfonik musiqi ilə Azərbaycan muğamının sintez şəklində təqdim olunması ənənəsi bir neçə ildir davam edir və indiyə qədər İzmirdə, Minskdə, Kiyev və Londonda təqdim olunub. "Qarabağ triosu" isə indiyə qədər dünyanın 20-dən çox ölkəsində Türkiyədə, İranda, Qətərdə, Almaniyada, ABŞ-da, Norveçdə çıxışlar edib. Riqada keçiriləcək bu konsert proqramı yerli KİV vasitəsilə işıqlandırılacaq".
Bundan əlavə, Riqada küçələrdə və avtobuslarda Azərbaycanın möhtəşəm layihəsi ilə bağlı plakatlar asılacağını deyən xanəndə vurğulayıb ki, layihəni həyata keçirməkdə məqsəd isə Azərbaycan muğamının Avropada təbliğini genişləndirməkdir.
Məlumat üçün bildirək ki, xalq artisti Latviyaya mayın 26-da gedəcək. Çünki konsert qabağı məşqlər edilməlidir. Mayın 30-da isə muğam ustalarımız vətənə qayıdacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB